...

İndoneziyadakı vulkan, Misirdəki partlayışla bağlı azərbaycanlı turistlərə çağırış

Turizm Materials 27 Noyabr 2017 17:06 (UTC +04:00)
Azərbaycan Turizm Assosiasiyası Azərbaycan vətəndaşlarını Misirə və İndoneziyaya səfər etməməyə çağırıb.
İndoneziyadakı vulkan, Misirdəki partlayışla bağlı azərbaycanlı turistlərə çağırış

Bakı. İlhamə İsabalayeva – Trend:

Azərbaycan Turizm Assosiasiyası Azərbaycan vətəndaşlarını Misirə və İndoneziyaya səfər etməməyə çağırıb.

Assosiasiyanın sədrinin müşaviri Müzəffər Ağakərimov Trend-ə bildirib ki, noyabrın 24-də Misirdə törədilmiş terror hadisəsindən sonra Azərbaycan vətəndaşlarının həmin ölkəyə getməsi tövsiyə edilmir.

Bali adasında vulkanın aktivləşməsi ilə əlaqədar İndoneziyaya səyahətin də tövsiyə edilmədiyini deyən M.Ağakərimov qeyd edib ki, İndoneziya Azərbaycan turistləri üçün heç zaman prioritet olmayıb:

"Nəinki bu il, əvvəlki illərdə də İndoneziyaya az sayda Azərbaycan vətəndaşı səfər edib. Buna baxmayaraq, oraya səfər etmək istəyənlər ola bilər. Biz onlara tövsiyə edərdik ki, İndoneziyaya, ümumiyyətlə isə terror baş verən ölkələrə səfər etməsinlər".

Qeyd edək ki, daha öncə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Trend-ə bildirmişdi ki, hazırda İndoneziyanın vulkan təhlükəsi yaşanan Bali adasında azərbaycanlı turistlərin olub-olmaması faktını araşdırılır.

Xatırladaq ki, noyabrın 21-dən başlayaraq, İndoneziyanın Bali adasında Aqunq vulkanı püskürür. Bununla əlaqədar hökumət 100 min sakininin təxliyə edilməsini tövsiyə edib. Hazırda İndoneziyada təqribən 60 min turistin olduğu bildirilir. Rusiya adada olan 300 vətəndaşının yaxınlıqdakı adalara köçürülməsi barədə qərar qəbul edib.

Noyabrın 24-də isə Misirin Əl-Ariş şəhərindəki məscidin partladılması nəticəsində 300-dən çox insan ölüb, onların 27-si uşaqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti