...

Müharibə, zəlzələ... və daşları daşınan Şağan qalası (FOTO)

Mədəniyyət Materials 10 Dekabr 2017 18:29 (UTC +04:00)
Abşeron qalalarından biri də Şağan qəsəbəsində yerləşir.
Müharibə, zəlzələ... və daşları daşınan Şağan qalası (FOTO)

Bəxtiyar Hacıyev – Trend:

Abşeron qalalarından biri də Şağan qəsəbəsində yerləşir.

Şirvanşahlar dövründə, XII əsrin sonu, XIII əsrin əvvəllərində müdafiə məqsədilə inşa edilən qalanın hazırkı hündürlüyü 16 metrdən artıq deyil.

Əsrlər boyu qanlı toqquşmalarla, təbii fəlakətlərlə qarşılaşan qalaçanın çox hissəsi dağılsa da, bir bürcü dövrümüzə qədər qalıb. Abidənin dağılmasına əsas səbəb kimi 1841-ci ildə baş vermiş güclü zəlzələ göstərilir. Yeri gəlmişkən, həmin zəlzələ nəticəsində Maştağa qalası yerlə bir oldu.

Abidənin daşlarının bir qisminin şəxsi məqsədlə daşındığı, oğurlandığı da bildirilir. Təbii ki, bu da qalanın uzun müddət tam nəzarətsiz qalmasından xəbər verir.

Abşerondakı digər istehkamlar kimi sal qayaların üzərində ağ daşdan tikilən Şağan qalasında Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 2014-cü ildə bərpa-bərkitmə işləri görülüb. Təmir işləri zamanı qalanın iki daş hasarının bünövrələri və bir neçə quyu aşkar edilib.

Şağan qalası da digər qalalar kimi yeraltı yola sahibdir. Qalaçanın içərisində ilk baxışda quyunu xatırladan yeraltı yol vaxtilə Mərdəkan qalalarına aparıb.

İstehkam qəsəbənin hündür yerlərindən birində inşa edilib. Qalanın salamat qalan yeganə bürcünün üstündən nəinki Şağanı, sahil zonasını, eləcə də Mərdəkan qəsəbəsini müşahidə etmək mümkündür.

Ümumiyyətlə, Şağan, nəinki Abşeronun, bütün Azərbaycanın ən qədim yaşayış məskənlərindən biridir. Arxeoloji qazıntılar burada eramızdan 3000 il əvvəl yaşayış olduğunu sübut edir.

Abşeronda günümüzə qədər gəlib çatan yeganə Alban məbədi (Qubala-türbə) də məhz Şağanda yerləşir. Türbənin acınacaqlı vəziyyətinə isə növbəti yazılarda toxunacağıq.

Ramana qalası
Nardaran qalası
Mərdəkan qalası
Bilgəh qalası

Şağan qalasından görüntülər:

Məqalədə:
Xəbər lenti

Xəbər lenti