...

Şabranın 5 kəndində yeni su təchizatı infrastrukturu yaradılıb (FOTO)

Cəmiyyət Materials 6 Dekabr 2017 16:44 (UTC +04:00)
Şabran rayonunda həyata keçirilən layihə çərçivəsində rayonun 5 kəndində yeni su təchizatı infrastrukturu yaradılıb.
Şabranın 5 kəndində yeni su təchizatı infrastrukturu yaradılıb (FOTO)

Bakı. Trend:

Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında Prezidentin sərəncamına uyğun olaraq Şabran rayonunda həyata keçirilən layihə çərçivəsində rayonun 5 kəndində yeni su təchizatı infrastrukturu yaradılıb.

“Azərsu” ASC-dən Trend-ə verilən məlumata görə, qurumun “Birləşmiş Sukanal” MMC-nin direktoru Ramin Sadıqov bildirib ki, qısa müddətdə 10,3 km su xətləri çəkilib, 29 ədəd bulaq quraşdırılıb: "Təkcə Sincanboyad kəndində 4,5 km kənddaxili su xətti çəkilib, 13 ədəd bulaq quraşdırılıb. Bununla kəndin 800 nəfər sakininin içməli su problemi həll edilib. Növbəti illərdə rayonun digər kəndlərində də içməli su layihələrinin həyata keçirilməsi nəzərdə tutulur” .

Tədbirdə çıxış edən kənd sakinləri bildiriblər ki, indiyədək içməli suya olan tələbatlarını uzaq məsafələrdə yerləşən bulaqlardan daşımaqla ödəyirdilər. Bu da əhalinin su təminatında ciddi çətinliklərə səbəb olurdu.

Şabran rayonunda icra olunan layihə 5 yaşayış məntəqəsini - Ağbaş, Uzunboyad, Söhbətli, Dağbilici və Sincanboyad kəndlərini əhatə edir. Ağbaş, Uzunboyad, Söhbətli və Sincanboyad kəndlərində yaşayan sakinləri keyfiyyətli və dayanıqlı içməli su ilə təmin etmək məqsədilə su mənbəyi II Bakı Su Kəməri seçilib. Dağbilici kəndinin su təchizatı subartezian quyusu hesabına aparılacaq. Artıq Ağbaş, Uzunboyad, Söhbətli və Sincanboyad kəndlərində layihənin icrası yekunlaşıb. Dağbilici kəndində artezian quyusu qazılıb və nasos stansiyasının tikintisi davam etdirilir. Yaxın günlərdə işlər tam başa çatdırılacaq. Şabran rayonunda icra olunan layihədən 5 kəndin 5400 sakini faydalanacaq.

Qeyd edək ki, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinə və “Azərsu” ASC-yə daxil olmuş müraciətlər əsasında 2016-cı ildə Şabran rayonunun Təzəkənd və Dəvəçi kəndlərində içməli su layihəsi icra olunub və 1700 nəfərin içməli su təchizatı yaxşılaşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti