Bakı. Trend:
2018-ci il fevralın 17-18-də Bakıda ilk Beynəlxalq İctimaiyyətlə Əlaqələr Yaradıcılığı Forumu keçiriləcək. Forumun təşkilatçısı PRoloq İnkişaf Mərkəzi və mərkəzin PRoloq (www.proloq.az) online jurnalıdır. Forum “Beynəlxalq PR Assosiasiyası (IPRA) tərəfindən dəstəklənən tədbir” xüsusi statusuna layiq görülüb və “endorsed by IPRA” loqosu ilə gerçəkləşəcək.
Forumun təşkilat komitəsindən Trend-ə verilən məlumata görə, müxtəlif yerli qurumların və dünyanın aparıcı ictimaiyyətlə əlaqələr agentliklərinin marağına səbəb olan forumda yerli mütəxəssislərlə yanaşı, Amerika, İngiltərə, Rusiya, Türkiyə, Yaponiya, Almaniya, Bolgarıstan, Qazaxıstan, Misir, Şimali Kipr və başqa ölkələrdən çıxışçıların iştirakı gözlənilir. Məqsəd Azərbaycanda özünün inkişaf mərhələsini yaşayan ictimaiyyətlə əlaqələr sahəsində mövcud vəziyyəti təhlil etmək, atılan müsbət addımları təqdir etməklə yanaşı, çatışmazlıqları aşkara çıxarıb onların aradan qaldırılması yollarını müzakirə etmək, təcrübə mübadiləsi aparmaq, beynəlıxalq əməkdaşlıqlara vəsilə olmaqdır.
Foruma bu sahədə təhsil verən universitetlərinin müəllimləri, tədqiqatçılar, alimlər, elm və sənət adamları da dəvət olunublar. Forumun ölkəmizdə bu sahədə çalışan insanlara töhfəsi təcrübə mübadiləsi, dünyanın aparıcı PR mütəxəssisləri ilə ünsiyyət, yeni işgüzar münasibətlərin formalaşdırılması, PR sahəsindəki ən son tendensiyalarla tanışlıq imkanları olacaq.
Yaxın günlərdə PRoloq jurnalının internet səhifəsində forumun proqramı elan olunacaq və tədbirdə iştirak üçün qeydiyyat başlanacaq.