...

Kür ovalığının cənub hissəsi seysmik cəhətdən aktivləşib - RƏSMİ

Cəmiyyət Materials 19 Dekabr 2017 14:08 (UTC +04:00)
Bu il ərzində Azərbaycan və ona həmsərhəd ərazilərdə 8934 yeraltı təkan qeydə alınıb ki, onlardan 3642-si yerli, 2087-i yaxın, 3205-i uzaq zəlzələlərdir.
Kür ovalığının cənub hissəsi seysmik cəhətdən aktivləşib - RƏSMİ

Bakı. İlhamə İsabalayeva - Trend:

Bu il ərzində Azərbaycan və ona həmsərhəd ərazilərdə 8934 yeraltı təkan qeydə alınıb ki, onlardan 3642-si yerli, 2087-i yaxın, 3205-i uzaq zəlzələlərdir.

Trend-in məlumatına görə, bunu Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli deyib.

O bildirib ki, il ərzində Azərbaycan ərazisində maqnitudası 3-dən böyük olan (ml≥3) 78 zəlzələ qeydə alınıb və onlardan 26-sı hiss olunub.

Baş direktor onu da əlavə edib ki, 2016-cı ilə nisbətən 2017-ci il ərzində zəlzələlərin sayı azalıb, ayrılan seysmik enerjinin miqdarı artıb. Belə ki, 2016-cı ildə Azərbaycan ərazisində zəlzələlərin sayı 4528, 2017-ci ildə 3642 olub:

"Azərbaycan ərazisində baş vermiş zəlzələlərin dərinlikləri 2-40 km-dir. Baş vermiş zəlzələlərin dərinliklərinin 40-62 km-ə artması, Xəzər akvatoriyasına keçməsi ilə əlaqadardır. Hesabat ili ərzində ən güclü hadisə Agdam ərazisində baş verib. 15 noyabr yerli vaxtla saat 23:48:02-də Ağdam ərazisində maqnitudası ml=5.7 olan zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 6 bala yaxın, ətraf rayonlarda 5-3 bala qədər hiss olunub. Bu il mayın 5-i saat 03:24-də Saatlıda maqnitudası ml=5.4 olan zəlzələ baş vermişdir. Zəlzələ Saatlıdan 24 km cənub-şərqdə Saatlı ərazisində, episentrdə 5 bala yaxın, ətraf rayonlarda 4-3 bala qədər hiss olunmuşdur. Zəlzələnin dərinliyi 48 km-dir. Saatlı zəlzələləri eninə Savalan-Abşeron, Palmir-Abşeron, uzununa Kür dərinlik qırılmalarının hərəkət zonalarında yerləşib".

Q.Yetirmişli qeyd edib ki, 2016-cı ildə də Kür ovalığının cənub hissəsinin seysmikliyi yüksək olub. İmişli ərazisində güclü maqnitudası ml=5.6, intensivliyi 5 bal olan zəlzələ baş verib:

"Bu hadisələrin baş verməsi son illər Kür ovalığının cənub hissəsinin seysmik cəhətdən aktivləşməsini təsdiq edir. Müəyyən olunub ki, zəlzələlər Kiçik Qafqaz və Kür ovalığının toqquşması və sıxılması nəticəsində baş verib.

2017-ci ildə 2016-cı ilə nisbətən şimal-qərb bölgəsində seysmik aktivlik fon səviyyəsindən aşağı olub!.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti