...

Ombudsman Aparatının rəhbəri: İnsan hüquq və azadlıqlarının müdafiəsi Prezident İlham Əliyevin fəaliyyətinin başlıca qayəsini təşkil edir

Cəmiyyət Materials 24 Dekabr 2017 14:25 (UTC +04:00)
İnsan hüquq və azadlıqlarının daha səmərəli müdafiəsinə yönələn siyasi-hüquqi və sosial-iqtisadi islahatlar Azərbaycan Prezidenti İlham Əliyevin fəaliyyətinin başlıca qayəsini təşkil edir.
Ombudsman Aparatının rəhbəri: İnsan hüquq və azadlıqlarının müdafiəsi Prezident İlham Əliyevin fəaliyyətinin başlıca qayəsini təşkil edir

Bakı. İlhamə İsabalayeva - Trend:

İnsan hüquq və azadlıqlarının daha səmərəli müdafiəsinə yönələn siyasi-hüquqi və sosial-iqtisadi islahatlar Azərbaycan Prezidenti İlham Əliyevin fəaliyyətinin başlıca qayəsini təşkil edir.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
Aparatının rəhbəri, hüquq üzrə fəlsəfə doktoru Aydın Səfixanlı Trend-ə bildirib ki, müasir dövrdə dövlətlərin demokratiklik əmsalı dövlətin xalqa xidmət səviyyəsi, cəmiyyət qarşısında götürdüyü öhdəliklərə sadiqliyi, sosial-iqtisadi inkişaf göstəriciləri ilə müəyyənləşir:

"Demokratik hüquqi quruculuq yolunu tutmuş dövlət daim ictimai etimadı doğrultmağa, hər bir vətəndaşın mənafeyinə hesablanan, insan hüquq və azadlıqlarının daha səmərəli müdafiəsinə yönələn siyasi-hüquqi və sosial-iqtisadi islahatları həyata keçirməyə çalışır. Bu prinsip xalqımızın ümummilli lideri Heydər Əliyevin dövlətçilik irsini inamla davam etdirən və daha da möhkəmləndirən Azərbaycan Prezidenti İlham Əliyevin fəaliyyətinin başlıca qayəsini təşkil edir. İlk gündən hakimiyyətin xalqa xidmət vasitəsi olduğunu və hər bir dövlət məmurunun xalqın xidmətçisi olduğunu bəyan edən dövlət başçısının siyasi iradəsi nəticəsində insan hüquq və azadlıqlarının daha səmərəli təmini sahəsində real mexanizmlər yaradılıb və uğurla fəaliyyət göstərməkdədir. Ölkə başçısının dəfələrlə vurğuladığı kimi, demokratik proseslərin davamlı şəkildə aparılmadığı hansısa dövlətin iqtisadi sahədə davamlı və yüksək nəticələr əldə etməsi, beynəlxalq arenada layiqli yerini tutması, dünya birliyinə inteqrasiyası mümkün deyil".

A.Səfixanlı qeyd edib ki, iqtisadi cəhətdən inkişaf etməmiş hansısa dövlətdə demokratikləşməyə və hüquqi dövlət quruculuğuna yönələn cəhdlər əsasən uğursuzluqla nəticələnir. Çünki tətbiqinə cəhd göstərilən mütərəqqi yeniliklər vətəndaşların real yaşayış səviyyəsi ilə bir araya sığmır.

Aparat rəhbəri hesab edir ki, məhz bu reallıqdan çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev hər iki təmayülə vəhdət şəklində yanaşılmasını vacib sayır və ölkənin uzunmüddətli inkişafını məhz demokratik və iqtisadi islahatların paralel şəkildə davam etdirilməsi şərtilə real hesab edir.

A.Səfixanlı əlavə edib ki, qeyd olunan bu strategiya hüquq sisteminin özəyini və əsasını təşkil edən Konstitusiyamızda da təsbit olunub:

"Azərbaycan Respublikası Konstitusiyasında insan və vətəndaş hüquqlarının və azadlıqlarının, ölkə vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədi kimi təsbit edilib. Bu onu göstərir ki, Əsas Qanun ictimai münasibətlər sistemində dövlətin roluna məhz müasir cəmiyyət tələblərindən yanaşaraq, dövlətin hər hansı mücərrəd maraqlara deyil, məhz vətəndaşların mənafelərinə, azad cəmiyyətin aparıcı qüvvəsi olan insanın maraqlarına xidmət etdiyini ən yüksək səviyyədə bəyan edir".

A.Səfixanlının sözlərinə görə, ötən illərin təcrübəsi göstərir ki, Azərbaycanın dayanıqlı və dinamik inkişafının əsasını demokratik, hüquqi, sosial dövlət ideyası təşkil edib, ölkə vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi və onların rifah halının yaxşılaşdırılması istiqamətində genişmiqyaslı fəaliyyət aparılıb.

O bidirib ki, Azərbaycan bu gün regional deyil, qlobal səviyyəli layihələrin iştirakçısı və memarıdır.

Aparat rəhbəri qeyd edib ki, son illərdə Azərbaycan Prezidenti İlham Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi ilə dövlətin iqtisadi gücünü artıracaq üç mühüm layihə həyata keçirilib. Bunlar Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri, Bakı-Tbilisi-Ceyhan neft kəməri və bu il oktyabrın 30-da açılışını təntənəli şəkildə qeyd etdiyimiz Bakı-Tbilisi-Qars dəmir yoludur:

"Bu layihələrin həyata keçirilməsi məhz ölkənin iqtisadi gücünün artmasıdır. Son nəticədə Azərbaycanda yaşayan əhalinin iqtisadi güzəranının artmasına, onların sosial-iqtisadi hüquqlarının daha səmərəli müdafiəsinə yönəlmiş bir layihədir. Məlum olduğu kimi, insan hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən tədbirlərin səmərəliliyinin artırılmasında, bu sahədəki tədbirlərin daha mütəşəkkil həyata keçirilməsində Dövlət proqramları, Strategiyalar və Milli Fəaliyyət planları böyük əhəmiyyət kəsb edir. Azərbaycanın müxtəlif inkişaf mərhələsində insan hüquq və azadlıqlarının daha səmərəli təmini sahəsində dövrün prioritetlərinə uyğun belə sənədlər qəbul olunub. İnsan hüquq və azadlıqlarının təmin olunması istiqamətində qəbul edilmiş mühüm əhəmiyyətə malik sənədlər sırasında Azərbaycan Prezidentinin 1998-ci il 18 iyun tarixli sərəncamı ilə təsdiq edilmiş “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”nı, 28 dekabr 2006-cı il tarixli sərəncamla təsdiq olunmuş Azərbaycan Respublikasında İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planını və 27 dekabr 2011-ci il tarixli sərəncamla təsdiq olunmuş Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramını qeyd etmək istərdim. Bu sənədlərdə insan hüquqlarının müdafiəsi sahəsində nəzərdə tutulmuş önəmli vəzifələr uğurla icra olunur".

A.Səfixanlı xatırladıb ki, Azərbaycan Prezidentinin 18 iyun 2007-ci il tarixli sərəncamı ilə iyunun 18-i ölkəmizdə İnsan Hüquqları Günü kimi müəyyən edilib.

Onun sözlərinə görə, ölkəmizin uğurlu inkişafı üçün vətəndaş-məmur münasibətlərinin mühüm əhəmiyyət kəsb etdiyini söyləyən Prezident İlham Əliyev dövlət məmurlarına münasibətdə də bir sıra tapşırıqlar verib: “Hər bir dövlət məmuru təmiz işləməlidir, xalqla bir yerdə olmalıdır, təvazökar, işgüzar və vətənpərvər olmalıdır, rüşvət almamalıdır, özünü xalqdan üstün tutmamalıdır, işlədiyi bölgələrdə, sahələrdə hörmət qazanmalıdır və Vətənə sadiq, sədaqətli olmalıdır”.

A.Səfixanlı əlavə edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyətli siyasi iradəsi nəticəsində ölkəmizdə korrupsiyaya qarşı mübarizə tədbirləri daha sistemli, genişmiqyaslı və səmərəli həyata keçirilməkdədir:

"Prezident İlham Əliyevin təşəbbüsü ilə məmurların ümdə vəzifəsi hesab etdiyi vətəndaşlara dövrün tələblərinə müvafiq sivil xidmət göstərmək və yeni müasir, sosialyönümlü innovasiyaların tətbiqindən ibarət Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və onun tərkibində "ASAN xidmət" mərkəzlərinin yaradılması mühüm antikorrupsiya tədbirlərindən biridir. Artıq bu dövlət qurumunun fəaliyyəti vətəndaşların daha çox və tez-tez müraciət etdiyi xidmət sahələri üzrə narazılıqların məmnunluqla əvəz olunmasına gətirib çıxarıb. Ölkə başçısının dediyi kimi - "ASAN xidmət artıq bir Azərbaycan brendi"nə çevrilib və bu gün Azərbaycan standartları bir çox ölkələr üçün əsl nümunədir. Bütün bunlar bir daha insan hüquq və azadlıqlarının müdafiəsinin Azərbaycan dövlətinin prioritet vəzifəsi olduğunu sübut etmiş olur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti