...

Ötən il ən çox ƏƏSMN-in e-xidmətlərinə müraciət olub

Cəmiyyət Materials 5 Yanvar 2018 11:03 (UTC +04:00)
Ötən il “Elektron Hökumət” portalında e-xidmətlərinə ən çox müraciət edilən qurum Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) olub.
Ötən il ən çox ƏƏSMN-in e-xidmətlərinə müraciət olub

Bakı. Trend:

Ötən il “Elektron Hökumət” portalında e-xidmətlərinə ən çox müraciət edilən qurum Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) olub.

Bu barədə Trend-ə Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

2017-ci ildə əmək və sosial müdafiə sahələri üzrə e-xidmətlərə 9 milyon 340 min 808 dəfə müraciət edilib. ƏƏSMN-in fəaliyyət sahələri üzrə elektron xidmətlər şəbəkəsi əhalinin bu sahələr üzrə dövlət xidmətlərindən real vaxt rejimində, çevik və şəffaf şəkildə istifadəsinə şərait yaradıb. Bu da həmin e-xidmətlərə müraciətlərin ötən il ərzində də artmaqda davam etməsini şərtləndirib.

Belə ki, 2017-ci il ərzində nazirliyin e-xidmətlərinə əvvəlki illə müqayisədə 42,6 faiz çox olmaqla 9 milyon 340 min 808 dəfə müraciət edilib və bu göstərici ilə ƏƏSMN 2017-ci ildə “Elektron Hökumət” portalında e-xidmətlərinə ən çox müraciət edilən qurum olub. Ötən il portala müraciətlərin 40,6 faizini məhz əmək və sosial müdafiə sahələri üzrə e-xidmətlərə yönələn müraciətlər təşkil edib.

2017-ci ildə nazirliyin “Məcburi dövlət sosial sığortası üzrə hesabatların təqdim edilməsi” e-xidməti yüksək istifadə göstəricisi ilə seçilən e-xidmətlərdən olub. Keçən il bu e-xidmətə 1 053 700 dəfə müraciətin qeydə alınması onun ictimai əhəmiyyətindən, sığortaedənlərin maraq dairəsində olmasından xəbər verir. Həmçinin, “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” (2 825 065 müraciət), “Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi” (526 272 müraciət), “Tibbi-sosial ekspert komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi” (481 915 müraciət), “İş yerinə dair arayış” (337 749 müraciət), “Uşağın üç yaşı tamam olanadək ona qulluq etməyə görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi” (297 939 müraciət), “Sığortaolunanın onlayn uçota alınması” (256 709 müraciət) və s. e-xidmətləri geniş istifadə olunan e-xidmətlər sırasında olublar.

“Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi”, “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi”, “Hamiləliyə və doğuma görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi”, “Uşağın anadan olmasına görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi”, “Sığortaolunanlara məlumatların verilməsi” və digər e-xidmətlərə də 2017-ci il ərzində böyük maraq müşahidə edilib.

Ümumilikdə, ƏƏSMN-in 30-a yaxın elektron xidməti vətəndaşların istifadəsindədir. Qarşıdakı dövrdə nazirliyin fəaliyyət sahələri üzrə yeni avtomatlaşdırılmış sistemlərin yaradılması nəzərdə tutulur ki, bu da göstərilən e-xidmətlərin sayının daha da artmasına imkan verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti