...

Şərqşünaslıq İnstitutunda 20 Yanvar faciəsinin 28-ci ildönümü anılıb (FOTO)

Cəmiyyət Materials 10 Yanvar 2018 19:08 (UTC +04:00)
AMEA Şərqşünaslıq İnstitutunda 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə bağlı tədbir keçirilib.
Şərqşünaslıq İnstitutunda 20 Yanvar faciəsinin 28-ci ildönümü anılıb (FOTO)

Bakı. Trend:

AMEA Şərqşünaslıq İnstitutunda 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə bağlı tədbir keçirilib.

Trend-in məlumatına görə, tədbiri giriş sözü ilə açan Şərqşünaslıq İnstitutunun direktoru, millət vəkili, akademik Gövhər Baxşəliyeva 20 Yanvarın Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olduğunu qeyd edib: “28 il öncə baş vermiş hadisələri bir yandan bir faciə kimi xatırlayırıqsa, digər yandan 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə xalqımızın qəhrəmanlıq tarixinin şanlı səhifəsidir. Azərbaycanın müstəqilliyi, azadlığı uğrunda mübarizəyə qalxan xalqımızın igid övladları sovet ordusunun ağır hərbi texnikasının, təpədən-dırnağadək silahlanmış amansız hərbçilərin qarşısına əliyalın çıxaraq əsl fədailik göstərdilər. Şəhidlərimiz öz qanları ilə xalqımızın qəhrəmanlıq salnaməsinə növbəti səhifə yazdılar. Həmin gün yaddaşlara sovet kommunist rejiminin Azərbaycan xalqının milli azadlıq hərəkatını qan içində boğmaq üçün ölkəmizə qarşı hərbi təcavüz etdiyi, günahsız insanların qətlə yetirildiyi bir gün kimi həkk olundu. Əslində bu, öz azadlığı uğrunda mübarizəyə qalxmış xalqa qarşı siyasi və hərbi təcavüz idi. Bu hadisələrdə xalqımız bir daha sübut etdi ki, istiqlaliyyəti yolunda istənilən sınaqdan üzüağ çıxa bilər, Azərbaycan övladları öz həyatlarını müstəqillik uğrunda qurban verə bilərlər”

Həmin hadisələrin müasir zamanda müstəqillik mübarizəmizin dönüş nöqtəsi olduğunu deyən G.Baxşəliyeva qeyd edib ki, o dəhşətli günlərdə xalqımız bir yumruq kimi vahid bir ideya ətrafında birləşməyi bacardığını göstərdi.

Şərqşünaslıq İnstitutunun Cənubi Azərbaycan şöbəsinin müdiri tarix üzrə fəlsəfə doktoriu Səməd Bayramzadə “20 Yanvar – azadlıq səngəri” mövzusunda məruzə edib. 20 Yanvar faciəsinin Azərbaycan tarixində qanla yazılmaqla yanaşı, xalqımızın azadlıq mübarizəsində şərəfli bir səhifə olduğunu deyən məruzəçi faciə günündən öncə baş vermiş hadisələri təhlil edərək, bu barədə ətraflı danışıb. S.Bayramzadə Bakıda fövqəladə vəziyyət elan olunması, SSRİ silahlı qüvvələri tərəfindən həyata keçirilən “Tayfun” əməliyyatı barədə məlumat verib. Həmin günlərdə sovet ordusuna qarşı əliyalın çıxanların rəşadətindən danışan S.Bayramzadə, bu tarixin xalqımızn yaddaşına əbədi həkk olunduğunu qeyd edib. O, yanvarın 21-də Heydər Əliyevin Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək doğma xalqı ilə bir yerdə olmasını və faciəyə siyasi qiymət verdiyini xatırladıb.

Daha sonra məruzə ətrafında fikir mübadiləsi aparılıb. İnstitutun əməkdaşlarından siyasət elmləri üzrə elmlər doktoru Ramiz Sevdimalıyev, iqtisadiyyat üzrə elmlər doktoru Dünyamalı Vəliyev, iqtisadiyyat üzrə fəlsəfə doktoru Əkrəb Rəhimli, fəlsəfə üzrə fəlsəfə doktoru İlkin Əlimuradov və başqaları çıxış edərək bu qanlı hadisələrdən illər keçməsinə baxmayaraq, xalqımızın o müdhiş gecəni daim xatırladığını və bu faciəni törədənlərə öz dərin nifrətini bildirdiyini söyləyiblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti