...

İqtisadiyyat Nazirliyində 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib (FOTO)

Cəmiyyət Materials 18 Yanvar 2018 20:17 (UTC +04:00)
İqtisadiyyat Nazirliyində Azərbaycan xalqının qan yaddaşına əbədi həkk olunmuş 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar tədbir keçirilib.
İqtisadiyyat Nazirliyində 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib (FOTO)

Bakı. Trend:

İqtisadiyyat Nazirliyində Azərbaycan xalqının qan yaddaşına əbədi həkk olunmuş 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar tədbir keçirilib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra 20 Yanvar faciəsinə həsr olunmuş “Qanlı Bakı” filmi nümayiş olunub.

Tədbirdə çıxış edən İqtisadiyyat Nazirliyinin Aparat rəhbəri Ayaz Əliyev Azərbaycanın azadlıq və müstəqillik uğrunda mübarizəsi tarixinə qəhrəmanlıq səhifəsi kimi yazılmış 20 Yanvar faciəsindən danışaraq, Sovet imperiyasının 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə Bakıda törətdiyi vəhşilikləri, günahsız insanların qətlə yetirildiyini xatırladıb.

Qeyd edilib ki, SSRİ rəhbərliyinin göstərişi ilə törədilmiş dəhşətli cinayət, insanların vəhşicəsinə qətlə yetirilməsi Azərbaycan xalqının müstəqillik uğrunda mübarizə əzmini qıra bilməyib, əksinə xalqı daha da birləşdirib, mübarizliyini artırıb. Ayaz Əliyev ulu öndərin Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəldiyini, həyatını təhlükə qarşısında qoyaraq, qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında qəzəblə ittiham etdiyini, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb etdiyini vurğulayıb. Diqqətə çatdırılıb ki, məhz Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə yenidən qayıdışından sonra 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verilib. Ulu öndərin siyasi kursunu inamla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin azadlığı, suverenliyi uğrunda həlak olanların xatirəsinə böyük ehtiram bəsləyir, şəhidlərin ailə üzvlərinin sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını daha da artırmaq məqsədilə mühüm qərarlar qəbul edir, şəhidlərimizin xatirəsinin anılması hər il dövlət səviyyəsində geniş Tədbirlər Planı hazırlanaraq həyata keçirilir.

Tədbirdə çıxış edənlər 20 Yanvar hadisələri barədə geniş məlumat verib, həmin gecənin Azərbaycan tarixində təkcə faciə deyil, həm də milli məfkurəmizin azadlıq istəyinin oyanış günü olduğunu vurğulayıblar. Bir daha qeyd edilib ki, xalqımızın yaddaşına əbədi həkk olunan 20 Yanvar faciəsi heç bir zaman unudulmayacaq, Vətənimizin müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi Azərbaycansevərlərin qəlbində daim yaşayacaqdır.

Tədbirdə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyorlarının ifasında 20 Yanvar faciəsi ilə bağlı ədəbi-bədii kompozisiya nümayiş olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti