...

ƏƏSMN-in 2018-ci il üzrə İş planı təsdiq edilib

Cəmiyyət Materials 22 Yanvar 2018 11:09 (UTC +04:00)
Açıq Hökumətin təşviqinə dair Milli Fəaliyyət Planının icrası ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 2018-ci il üzrə İş planı təsdiq edilib.
ƏƏSMN-in 2018-ci il üzrə İş planı təsdiq edilib

Bakı. Trend:

Açıq Hökumətin təşviqinə dair Milli Fəaliyyət Planının icrası ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) 2018-ci il üzrə İş planı təsdiq edilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 aprel tarixli 1993 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Açıq Hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı” ilə müəyyən edilmiş vəzifələrin icrası ilə bağlı ƏƏSMN-in 2018-ci il üçün İş planı təsdiq edilib.

Açıq Hökumətin təşviqində elektron texnologiyaların imkanlarından geniş istifadə şəraitində fəaliyyət sahələri üzrə xidmətlərin müasirləşdirlərək şəffaf müstəvidə təşkili xüsusi önəm kəsb edir. Son illərdə ƏƏSMN tərəfindən bu istiqamətdə ardıcıl işlər aparılaraq, fəaliyyət sektorları üzrə böyük sosial tələbə malik 30-a yaxın e-xidmətin hazırlanaraq əhalinin istifadəsinə verilib, müvafiq sahələr üzrə dövlət xidmətlərinin şəffaflaşdırılması təmin edilib.

Bu tədbirlərin cari ildə davam etdirilməsi nazirliyin qeyd olunan İş planında da əksini tapıb. Belə ki, sənəddə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron xidmət növlərinin Siyahısı”nın təkmilləşdirilməsi ilə yanaşı, nazirliyin fəaliyyət sahələri üzrə yeni elektron xidmətlərin hazırlanaraq “Elektron hökumət” portalına inteqrasiya edilməsi nəzərdə tutulur. İş planında həmin portalın imkanları və istifadəsi ilə bağlı vətəndaşlar arasında ictimai maarifləndirmə tədbirlərinin və təqdimatların keçirilməsi, Açıq Hökumət prinsiplərinin təşviqi və korrupsiyanın qarşısının alınması istiqamətlərində qeyri-hökumət təşkilatlarının layihə və təşəbbüslərinə dəstəyin prioritet istiqamət kimi müəyyən edilməsi, nazirlikdə İctimai şuranın fəaliyyətinin təşkili və gücləndirilməsi kimi tədbirlər də yer alıb.

Həmçinin vətəndaşların müraciətlərinə baxılması işinin təkmilləşdirilməsi və müvafiq tədbirlərin görülməsi, həyata keçirilən islahatlar, onların məqsədi və mahiyyəti barədə ictimai məlumatlandırmanın təmin edilməsi, Açıq Hökumət və korrupsiyaya qarşı mübarizə sahəsində sosial çarxların, bukletlərin, yaddaş kitabçalarının və digər maarifləndirici materialların nəşri və paylanması da İş planına daxildir. Planda “Açıq Hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nda nəzərdə tutulan tədbirlərin icrası üçün vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın həyata keçirilməsi, Açıq Hökumət və korrupsiyanın qarşısının alınması üzrə tədbirlərin icra vəziyyəti və qiymətləndirilməsi ilə bağlı ixtisaslaşmış sorğuların, araşdırmaların keçirilməsi, nəticələrinin elan edilməsi və s. kimi tədbirlər də qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti