...

TSİ BANM-ın işinin beynəlxalq standartlara cavab verdiyini təsdiq edir

Cəmiyyət Materials 26 Yanvar 2018 17:12 (UTC +04:00)
Ali Məktəbin fəaliyyətinin beynəlxalq standartlara uyğun təşkil olunduğunu qiymətləndirmək məqsədilə monitorinq keçirilib.
TSİ BANM-ın işinin beynəlxalq standartlara cavab verdiyini təsdiq edir

Bakı. Trend:

Bakı Ali Neft Məktəbində (BANM) Türk Standartları İnstitutunun (TSİ) nümayəndə heyəti Ali Məktəbin fəaliyyətinin beynəlxalq standartlara uyğun təşkil olunduğunu qiymətləndirmək məqsədilə 23-26 yanvar tarixlərində monitorinq keçirib.

BANM-dan Trend-ə verilən məlumata görə, TSİ-nin nümayəndələri ISO 9001-2015 və ISO 14001-2015 standartlarının yeni versiyasına keçidlə, o cümlədən OHSAS 18001 beynəlxalq standartının yenidən sertifikatlaşdırılması ilə əlaqədar audit prosesini həyata keçiriblər.

Ali Məktəbdə Audit prosesinin yekunu ilə bağlı tədbir keçirilib. Tədbirdə BANM-ın rektoru Elmar Qasımov,TSİ-nin baş auditoru Gülhan Yüzereroğlu TSİ-nin Azərbaycan Respublikasındakı nümayəndəliyinin təmsilçisi Səlim Çələbi, maliyyə üzrə baş menecer Namiq Həsənov, baş mütəxəssis Xatirə Salahova, Ali Məktəbin professor-müəllim və administrativ heyəti iştirak ediblər.

Görüş zamanı TSİ ilə əlaqələrin inkişafından məmnunluğunu ifadə edən rektor Elmar Qasımov bildirib ki, BANM indiyə kimi TSİ-nin ISO 9001 “Keyfiyyət idarəetmə Sistemi”, ISO 14001 “Ekologiya idarəetmə sistemi”, OHSAS 18001 “Əməyin mühafizəsi və təhlükəsizlik texnikası idarəetmə sistemi”, ISO 10002 "Müştəri məmnuniyyəti - şikayətlərin idarə edilməsi üzrə rəhbər göstərişlər" sertifikatlarını əldə edib və həmin standartların tələblərini müvafiq qaydada yerinə yetirir. Rektor bu kimi sertifikatların Ali Məktəbin fəaliyyətinin yüksək səviyyədə təşkilinin göstəricisi olduğunu vurğulayaraq qeyd edib ki, məhz bu sertifikatlar Ali Məktəbin nüfuzuna böyük təsir edir və onun beynəlxalq arenada daha layiqli təmsil oluna bilməsinə şərait yaradır.

“Bakı Ali Neft Məktəbi beynəlxalq standartları öz fəaliyyətində uğurla tətbiq edir. Mən bu münasibətlə, başda rektor Elmar Qasımov olmaqla, Ali Məktəbin kollektivini təbrik edirəm.”- deyə TSİ-nin Azərbaycan Respublikasındakı nümayəndəliyinin təmsilçisi Səlim Çələbi bildirib. BANM-ın beynəlxalq standartların tətbiqinə dair uğurlu fəaliyyətini alqışlayan Səlim Çələbi təmsil etdiyi qurumun Ali Məktəblə əməkdaşlığının inkişafında maraqlı olduğunu qeyd edib və BANM-ın fəaliyyətinin inkişafında TSİ-nin hər cür dəstək olmağa hazır olduğunu bildirib.

TSİ-nin baş auditoru Gülhan Yüzereroğlu BANM-ın fəaliyyətinin həyata keçirilməsi prosesinin standartlara tam uyğun təşkil olunduğunu bildirib və Ali Məktəbin qısa müddət ərzində fəaliyyətinin beynəlxalq standartların tələblərinə uyğun təşkil olunmasını yüksək qiymətləndirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti