...

Uşaqların əmək hüquqlarına dair seminar keçirilib (FOTO)

Cəmiyyət Materials 16 Fevral 2018 15:10 (UTC +04:00)
Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakının Nizami rayonundakı Kimya Biologiya Təmayüllü Respublika Liseyində “Uşaq əməyinin istismarının qarşısının alınması” mövzusunda seminar keçirib.
Uşaqların əmək hüquqlarına dair seminar keçirilib (FOTO)

Bakı. Trend:

Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakının Nizami rayonundakı Kimya Biologiya Təmayüllü Respublika Liseyində “Uşaq əməyinin istismarının qarşısının alınması” mövzusunda seminar keçirib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbirdə rayon ərazisində fəaliyyət göstərən ayrı-ayrı işəgötürənlər, rayon Polis İdarəsinin yetkinlik yaşına çatmayanlarla profilaktik tədbirlər bölməsinin nümayəndəsi, liseyin müəllimləri və yuxarı sinif şagirdləri iştirak edib.

Seminarda uşaq əməyinin istismarı kimi qiymətləndirilən hallar barədə məlumat verilib, belə hallara yol verən, həmçinin uşaqları onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb edən işəgötürənlərin qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq məsuliyyətə cəlb edildikləri diqqətə çatdırılıb. Seminarda 15 yaşından 18 yaşınadək olan şəxslərlə əmək münasibətlərinin hüquqi əsaslarından da bəhs edilib. Qeyd olunub ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən, belə şəxslərlə əmək müqaviləsi onların valideynlərindən və ya övladlığa götürənlərdən (qəyyumlarından) birinin, yaxud qanunla onları əvəz edən şəxslərin yazılı razılığı əsasında bağlanılmalıdır.

Müvafiq hallarda işçilər üçün qısaldılmış iş vaxtı müəyyən edilərkən həmin iş vaxtının müddəti həftə ərzində 16 yaşınadək işçilər üçün 24 saatdan, 16 yaşdan 18 yaşadək işçilər üçün 36 saatdan artıq ola bilməz. Yaşı 18-dən az olan işçilərin əvəzçilik qaydasında əlavə iş yerində çalışmalarına yalnız onların həm əsas, həm də əlavə iş yerində gündəlik iş vaxtının cəmi qısaldılmış iş vaxtından çox olmadıqda, yol verilə bilər. Yaşı 16-dan az olan işçilərə əmək məzuniyyəti 42 təqvim günündən az olmayaraq verilməlidir. 16 yaşından 18 yaşınadək işçilər üçün əmək məzuniyyətinin müddəti isə 35 təqvim günündən az olmamalıdır.

Seminarda mövzu ilə bağlı iştirakçılara ətraflı məlumatlar verilib, onların sualları cavablandırılıb. Tədbir zamanı iştirakçılara həmçinin müvafiq mövzu üzrə maarifləndirici bukletlər də paylanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti