...

Azərbaycan millət vəkilinə Kastamonu Universitetinin Fəxri Doktorluğu verilib (FOTO)

Cəmiyyət Materials 27 Fevral 2018 17:54 (UTC +04:00)
Xocalı soyqırımı ilə bağlı konfransla əlaqədar Kastamonuda səfərdə olan millət vəkili, siyasi elmlər doktoru Qənirə Paşayevaya universitet tərəfindən Fəxri Doktorluq təqdim olunub.
Azərbaycan millət vəkilinə Kastamonu Universitetinin Fəxri Doktorluğu verilib (FOTO)

Bakı. Trend:

Xocalı soyqırımı ilə bağlı konfransla əlaqədar Kastamonuda səfərdə olan millət vəkili, siyasi elmlər doktoru Qənirə Paşayevaya universitet tərəfindən Fəxri Doktorluq təqdim olunub.

Tədbirdə çıxış edən universitetin rektoru Prof.Dr. Seyid Aydın millət vəkili, siyasi elmlər doktoru Q.Paşayevanın Azərbaycan -Türkiyə qardaşlığının daha da güclənməsi, türk dünyasının birliyi istiqamətində fəaliyyətindən danışaraq onu universitet senatının qərarı ilə Fəxri Doktor adına layiq gördüklərini deyib.

Bu yüksək etimad üçün universitetin rəhbərliyinə, senat üzvlərinə və bütün ziyalılara təşəkkürünü bildirən millət vəkili, siyasi elmlər doktoru Q.Paşayeva bu etimadı doğrultmaq üçün bundan sonra da hər zaman çalışacağını deyib.

Millət vəkili Q.Paşayeva və Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil müşaviri Nəcibə Nəsibova Kastamonu Universitetinin rektoru Prof.Dr. Seyid Aydınla da görüşüblər. Azərbaycan Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun direktoru professor İlham Məmmədzadə, siyasət şöbəsinin rəhbəri, professor Rəna Mirzəzadənin də iştirak etdiyi görüş zamanı Azərbaycan, Azərbaycan-Türkiyə münasibətləri, Qarabağ həqiqətləri ilə bağlı universitetdə tədbirlərin daha da artmasının vacibliyi və universitetdə təhsil alan tələbələrlə bağlı müzakirələr olub. Görüşdə iki qardaş ölkə olan Azərbaycan ilə Türkiyə arasında bütün sahələrdə, o cümlədən təhsil sahəsində əlaqələrin getdikcə genişlənməsindən məmnunluq ifadə olunub. Q.Paşayeva Azərbaycan universitetlərinin Türkiyənin ali təhsil müəssisələri ilə əməkdaşlığının getdikcə daha da genişlənməsinin vacibliyini qeyd edib. Millət vəkili rektora Azərbaycan həqiqətləri, Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı ilə bağlı geniş məlumatlar verib, bu istiqamətdə fikir mübadiləsi aparılıb.

Q.Paşayeva Kastamonu Universitetinin rektoru Prof.Dr. Seyid Aydına Azərbaycan mədəniyyəti, tarixinə dair materiallar, kitablar, filmlər, həmçinin özünün həmmüəllifi olduğu kitablar hədiyyə edib. Millət vəkili Q.Paşayeva həmçinin Kastamonuda yaşayan və təhsil alan bir sıra azərbaycanlılarla da görüşüb, fikir mübadiləsi olub. Millət vəkili Azərbaycanın bu vilayətdə təbliği və Qarabağ həqiqətlərinin burada daha geniş yayılmasında onların üzərinə böyük vəzifələr düşdüyünü xüsusi vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti