...

Azərbaycan Universiteti şəhid məzununu unutmur (FOTO)

Cəmiyyət Materials 2 Aprel 2018 13:06 (UTC +04:00)
Azərbaycan Universiteti tərəfindən Aprel döyüşlərinin ikinci ildönümündə şəhid məzunu Fəxrəddin Qurbanlının xatirəsinə həsr olunmuş kitabça nəşr olunub.
Azərbaycan Universiteti şəhid məzununu unutmur (FOTO)

Bakı. Trend:

Azərbaycan Universiteti tərəfindən Aprel döyüşlərinin ikinci ildönümündə şəhid məzunu Fəxrəddin Qurbanlının xatirəsinə həsr olunmuş kitabça nəşr olunub.

Universitetdən Trend-ə verilən məlumata görə, kitabçada şəhid haqqında bioqrafik məlumat, müəllim və tələbə yoldaşlarının xatirələri ilə yanaşı Universitetin magistratura tələbəsi Reyhan Mənəfovanın Fəxrəddin Qurbanlıya həsr etdiyi “Vətən qartalı” adlı şeir, həmçinin fotoları yerləşdirilib.

Xatirələrdə Fəxrəddin Qurbanlının qısa, lakin mənalı həyat yolundan söz açılır, davranışı ilə müəllimlərinin və tələbə yoldaşlarının sevgi və hörmətini qazandığı, intizamlı və məsuliyyətli tələbə olduğu, dərslərini yaxşı oxumaqla yanaşı universitetin ictimai həyatında fəal iştirak etdiyi, şəhidlik zirvəsinə yüksəlməklə gənclərə nümunə olduğu və bütün Azərbaycanın fəxrinə çevrildiyi, Azərbaycanda ilk şəhid sosial işçi kimi tarixə düşdüyü qeyd olunur.

Bu gün Universitet rəhbərliyi şəhidin yas mərasimində iştirak edib, həmçinin universitetdə onun xatirəsinə guşə yaradılıb.

Qurbanlı Fəxrəddin Seyfəddin oğlu 1994-cü ildə Bakı şəhərinin Binəqədi rayonunda anadan olub. Qorxmaz Baxşıyev adına 179 nömrəli tam orta məktəbi bitirib.

2011-ci ildə Azərbaycan Universitetinin Sosial iş ixtisasına qəbul olub. Əlaçı və nümunəvi tələbə olub. “Hüquq Dünyası” Hüquqi Təbliğat İctimai Birliyi, “SOS” Uşaq Kəndləri, UAFA (United Aid For Azerbaijan - Azərbaycana birgə yardım) kimi təşkilat və layihələrdə könüllü kimi işləyib.

2015-ci ildə Sosial iş fakültəsindən üçüncülüklə məzun olub. Həmin ilin iyul ayında hərbi xidmətə yollanıb.

2016-cı il aprel ayının ilk günlərində cəbhə xəttinin Tərtər istiqamətində erməni hərbi birləşmələrinin təxribatının qarşısını alarkən şəhid olub. Sabunçu rayon Pirşağı qəsəbəsindəki kənd qəbirstanlığında dəfn edilib. Ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif olunub.

Şəhid məzununun xatirəsini daim uca tutan Azərbaycan Universiteti tərəfindən 2016-cı ildə “Şəhid Fəxrəddin Qurbanlı adına təqaüd” təsis olunub. Təqaüd 2016/2017-ci tədris ilindən etibarən birinci tədris ilinin birinci semestrində universitetə ən yüksək balla qəbul olmuş tələbəyə verilir. Təqaüdün ümumi məbləği 500 manat təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti