...

İlin sonunadək Şəki və İmişli “ASAN həyat” komplekslərinin tikintisi başa çatdırılacaq

Cəmiyyət Materials 10 İyul 2018 00:05 (UTC +04:00)
İlin sonunadək Şəki və İmişli “ASAN həyat” komplekslərinin tikintisi başa çatdırılacaq.
İlin sonunadək Şəki və İmişli “ASAN həyat” komplekslərinin tikintisi başa çatdırılacaq

Bakı. Trend:

İlin sonunadək Şəki və İmişli “ASAN həyat” komplekslərinin tikintisi başa çatdırılacaq.

Trend-in məlumatına görə, bunu iqtisadiyyat naziri Şahin Mustafayev iyulun 8-də Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı deyib.

Ş.Mustafayev bildirib ki, aparılan genişmiqyaslı iqtisadi islahatların nəticəsində bu ilin birinci yarısında ümumi daxili məhsul 1,3 faiz, qeyri-neft sektoru 2 faiz artıb, inflyasiya birrəqəmli olmaqla 3 faiz təşkil edib. İqtisadiyyatın şaxələndirilməsində xüsusi rolu olan qeyri-neft sənayesində 8,8 faiz, kənd təsərrüfatında 7,6 faiz, informasiya və rabitə xidmətlərində 4,9 faiz, ticarətdə 2,5 faiz artıma nail olunub:

“Ötən altı ayda dövlət büdcəsinin gəlirləri 9,8 milyard manat, xərcləri 9,5 milyard manat olub. Qeyri-neft sektoru üzrə dövlət büdcəsinə 4,1 milyard manat vəsait daxil olub ki, bu da 2017-ci ilin eyni dövrü ilə müqayisədə 275 milyon manat və ya 7,3 faiz çoxdur”.

Nazir deyib ki, iqtisadiyyatın və sosial sahələrin inkişafına bütün maliyyə mənbələri hesabına 6,3 milyard manat əsas kapitala investisiya yönəldilib. Əsas kapitala yönəldilən vəsaitlər qeyri-neft sektoru üzrə 22 faiz, qeyri-neft sənayesi üzrə isə 69 faiz artıb:

“Əhalinin gəlirləri 9,3 faiz artmaqla inflyasiyanı 6,3 faiz üstələyib. Orta aylıq əməkhaqqı illik müqayisədə 4 faiz yüksəlib, əhalinin sosial müdafiəsinə xüsusi diqqətiniz sayəsində dövlət büdcəsindən maliyyələşdirilən təşkilatlarda çalışanların əməkhaqqı, həmçinin pensiya və müavinətlər artıb”.

O qeyd edib ki, ilin birinci yarısında xüsusi əhəmiyyətli infrastruktur layihələrini nəzərdə tutan dövlət investisiya proqramı 47 faiz icra edilib: “Bu dövrdə ayrılmış vəsait hesabına paytaxtda və regionlarda 200 min nəfər əhalinin yaşadığı 91 yaşayış məntəqəsini əhatə edən uzunluğu 250 kilometr olan 17 qəsəbə və kəndlərarası yollar tikilərək istifadəyə verilib”.

Ş.Mustafayev bildirib ki, aqrar sektorda meliorativ infrastrukturun daha da yaxşılaşdırılması tədbirləri çərçivəsində əkinəyararlı torpaq sahələrinə suvarma suyunun çatdırılması istiqamətində görüləcək işlər dövlət investisiya proqramında nəzərdə tutulmuş vəsait hesabına davam etdirilir.

Nazir deyib ki, ölkədə qazlaşdırma səviyyəsinin 95 faizə çatdırılması məqsədilə 42 rayonun 83 yaşayış məntəqəsinin qazlaşdırılması davam etdirilib, 29 yaşayış məntəqəsində işlər başa çatdırılıb: “Şəhər və kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması çərçivəsində Naxçıvan Şəhər Təmizləyici Qurğular Kompleksi, Şərur rayonu üzrə birinci mərhələ, Mingəçevir, Xızı şəhərlərinin və Altıağac qəsəbəsinin içməli su təchizatı sistemi, Xaçmaz şəhərinin su təchizatı və kanalizasiya sistemi istifadəyə verilib”.

O vurğulayıb ki, hesabat dövründə sosial layihələrin icrası davam etdirilib, təhsil, səhiyyə, mədəniyyət, idman və digər sosial infrastruktur obyektləri istifadəyə verilib: “Mingəçevir “ASAN xidmət” Mərkəzinin açılışı olub, bu ilin sonunadək Şəki və İmişli “ASAN həyat” komplekslərinin tikintisi başa çatdırılacaqdır”.

Nazir qeyd edib ki, sənaye parklarına indiyədək 2,6 milyard dollar investisiya yatırılıb, tikintidə və istehsalda 11 minə yaxın iş yeri yaradılıb. Növbəti mərhələdə 1,1 milyard dollardan çox investisiya qoyuluşu və 7500-dək yeni iş yerinin açılması nəzərdə tutulur. Artıq Sumqayıt Kimya Sənaye Parkında 7 müəssisə fəaliyyət göstərir, 2018-ci ilin sonunadək daha 7 müəssisə istifadəyə veriləcək:

“Yaşıl iqtisadiyyat”ın inkişafında xüsusi əhəmiyyətə malik Balaxanı Sənaye Parkında fəaliyyət göstərən 5 müəssisədə 400-ə yaxın işçi çalışır. İkinci mərhələdə daha 5 istehsal sahəsinin tikintisinə başlanacaqdır. Dünya Bankı ilə birgə həyata keçirilən “Bərk məişət tullantılarının vahid idarəçiliyi” layihəsi çərçivəsində Balaxanı poliqonunun müasir ekoloji-sanitar normalara uyğun bərpası başa çatdırılıb. Pirallahı Sənaye Parkında ümumi dəyəri 100 milyon dollar olan əczaçılıq və şpris istehsalı müəssisələrinin yaradılması işləri aparılır. İlin sonuna istifadəyə veriləcək şpris zavodu daxili tələbatı ödəməklə yanaşı, ixrac imkanları da yaradacaqdır. Mingəçevir Sənaye Parkında investisiya dəyəri 85 milyon dollar olan 2 iplik fabrikində 750 nəfər işlə təmin olunub. Neftçala Sənaye Məhəlləsində 8 müəssisə artıq fəaliyyətə başlayıb, bu müəssisələr üzrə 45 milyon manatdan çox investisiya qoyulub, 500-ə yaxın yeni iş yeri yaradılıb”.

Ş.Mustafayev əlavə edib ki, Neftçala Sənaye Məhəlləsində açılmış “Xəzər” avtomobil zavodunda ildə 10 min avtomobil istehsal olunacaq. Bu avtomobillər daxili bazarla yanaşı, bir sıra xarici ölkələrə də ixrac ediləcək. Artıq 100-ə yaxın avtomobilin satışına başlanıb, daha 200 avtomobil üçün sifariş qəbul edilib: “Masallı Sənaye Məhəlləsinin tikintisi başa çatdırılıb, Hacıqabul və Sabirabad Sənaye məhəllələri ilin sonunadək istifadəyə veriləcək”.

O bildirib ki, dövlət başçısının tapşırığına uyğun olaraq, xalçaçılığın inkişafı məqsədilə 10 rayonda xalça emalatxanası istifadəyə verilib, daha 10 emalatxananın, 5 yun və boyaq maddələrinin qəbulu məntəqəsinin və Sumqayıt Kimya Sənaye Parkında yunəyirici boyaq fabrikinin tikintisi aparılır.

Nazir deyib ki, ölkədə iqtisadi fəallığın artırılması, ixracyönümlü məhsulların istehsalının dəstəklənməsi, investisiyaların cəlb edilməsinin stimullaşdırılması məqsədilə investisiya təşviqi mexanizminin tətbiqi töhfəsini verir. İndiyədək 251 sahibkarlıq subyektinə 283 investisiya təşviqi sənədi verilib ki, bu layihələrin reallaşması nəticəsində yerli istehsala 2,5 milyard manatdan artıq investisiyanın yatırılması və 19 minədək yeni iş yeri açılması imkanı yaradılıb, bundan investisiya dəyəri 1 milyard manatdan çox olan 141 müəssisə artıq fəaliyyət göstərir:

“İqtisadiyyatın aparıcı sahələrindən olan aqrar sektorun innovativ inkişafını təmin etmək məqsədilə 30 rayon üzrə 192 min hektar ərazidə ümumi dəyəri 1 milyard manatdan çox olan 45 aqroparkın yaradılması üzrə işlər sürətlə davam etdirilir. Aqroparklarda zəruri infrastrukturun yaradılmasına 207 milyon manat dövlət əsaslı vəsait qoyulub, 111 milyon manat dövlət güzəştli krediti və dəyəri 564 milyon manat olan 25 layihəyə investisiya təşviqi sənədi verilib. Aqroparklardan dördündə birinci mərhələ üzrə işlər başa çatdırılıb, ilin sonunadək 14 aqropark istifadəyə veriləcək, digərlərində işlər davam edir. Artıq fəaliyyət göstərən aqropark və iri fermer təsərrüfatlarında 50 min hektardan artıq ərazidə müasir suvarma sistemlərinin tətbiqi nəticəsində buğda, arpa, dənlik qarğıdalı və digər kənd təsərrüfatı bitkiləri üzrə hər hektardan əldə edilmiş orta məhsuldarlıq ölkə üzrə müvafiq göstəricilərdən 2 dəfəyədək çoxdur”.

Ş.Mustafayevin sözlərinə görə, sahibkarların maliyyə resurslarına əlverişli şərtlərlə çıxışının təmin edilməsi üçün layihələrinin ümumi dəyəri 468 milyon manat olan 611 sahibkara geri qaytarılan vəsaitlər hesabına 100 milyon manat güzəştli kredit verilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,6 dəfə çoxdur. Bu kreditlər hesabına illik müqayisədə 3 dəfə çox olmaqla 7 mindən artıq yeni iş yerinin açılması imkanı yaradılıb:

“İri sahibkarlar tərəfindən kiçik sahibkarlıq subyektlərinin dəstəklənməsinin vacibliyi barədə verdiyiniz tapşırığa əsasən bu sahədə təşviq işləri aparılıb və şəkər tozu istehsalının yerli xammal təminatının artırılması məqsədilə 7 min hektar sahədə şəkər çuğunduru əkini üçün illik 3 faizlə 7 milyon manat güzəştli kredit verilib, 1500 fermerlə müqavilə bağlanıb. Bu müqavilələr üzrə 3600 nəfər işlə təmin olunub. Sahibkarlıq sahəsində 6 ay ərzində cəmi 58 yoxlama keçirilib, sahibkarlara dövlət xidmətlərinin göstərilməsi sahəsində şəffaflığın və operativliyin təmin olunması məqsədilə “Lisenziyalar və icazələr” portalı yaradılıb, artıq portal vasitəsilə 180-dən çox elektron lisenziya verilib”.

Nazir deyib ki, qeyri-neft ixracının artırılması məqsədilə dövlət dəstəyi tədbirləri davam etdirilib, indiyədək 15 ixrac missiyası təşkil olunub, ixracatçılar 11 önəmli beynəlxalq sərgidə vahid ölkə stendi ilə iştirak edib, ilkin razılaşmalar və sifarişlər əldə olunub, ixrac müqavilələrı imzalanıb, ixrac təşviqinin ödənilməsi davam etdirilib:

“Ticarət əlaqələrinin genişləndirilməsi məqsədilə Rusiya, Çin, Birləşmiş Ərəb Əmirliklərində və Şərqi Avropada ticarət nümayəndələri fəaliyyət göstərir. Belarusda və Ukraynada Azərbaycan ticarət evləri açılıb, Çində “Şərab Evi”nin, Latviyada və Birləşmiş Ərəb Əmirliklərində ticarət evlərinin ilin sonunadək açılması planlaşdırılır. Heydər Əliyev Fondunun dəstəyi ilə Rusiyanın Həştərxan şəhərində “Azərbaycan İş Mərkəzi” açılıb. Xarici kütləvi informasiya vasitələrində sahəvi brendlərin reklamı kampaniyasına, “Made in Azerbaijan” brendinin təşviqinə başlanıb. Görülən işlərin nəticəsi olaraq, 2018-ci ilin ilk 5 ayında qeyri-neft ixracı 20 faiz, o cümlədən sənaye məhsulları 27 faiz, kənd təsərrüfatı məhsulları 22 faiz, xarici ticarət fəaliyyəti ilə məşğul olan subyektlərin sayı 34 faiz artıb, ixrac məhsullarının çeşidi genişlənib”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti