...

Ötən il əməyin mühafizəsi üzrə 3 mindən artıq pozuntu aşkarlanıb

Gündəm Materials 19 İyul 2018 19:32 (UTC +04:00)
2017-ci il ərzində həmkarlar ittifaqının texniki əmək müfəttişləri əməyin mühafizəsi üzrə 587 müəssisə və təşkilatda müayinə işi aparıb, 3 191 pozuntu aşkar edib, onların 92,2%-nin aradan qaldırılmasına nail olublar.
Ötən il əməyin mühafizəsi üzrə 3 mindən artıq pozuntu aşkarlanıb

Bakı. Samir Əli - Trend:

2017-ci il ərzində həmkarlar ittifaqının texniki əmək müfəttişləri əməyin mühafizəsi üzrə 587 müəssisə və təşkilatda müayinə işi aparıb, 3 191 pozuntu aşkar edib, onların 92,2%-nin aradan qaldırılmasına nail olublar.

Trend-in məlumatına görə, bunu Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, millət vəkili Səttar Möhbalıyev "Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə 2017-ci ilin ən yaxşı müəssisəsi (təşkilatı)" Respublika müsabiqəsinin qaliblərinin təltif olunmasına həsr olunmuş tədbirdə deyib.

S.Möhbalıyev qeyd edib ki, müayinə nəticəsində 319 texnoloji avadanlıq və dəzgah təhlükəsizlik norma və qaydalarına uyğun vəziyyətə gətirilib, 4760 nəfərin iş şəraiti yaxşılaşdırılıb. Yoxlanan müəssisələrdə aparılan işlər hər on iki nəfərdən bir işçinin əmək şəraitinin təhlükəsizliyini artırıb və risk faktorunu azaldıb.

Bununla yanaşı, sədr əlavə edib ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının və üzv təşkilatların əməyin texniki müfəttişləri tərəfindən 2017-ci ildə sözügedən müsabiqəyə qoşulmuş təşkilatlarda 922 yoxlama-nəzarət işləri həyata keçirilib. İdarə və müəssisələrin rəhbərliyi ilə birgə aparılan bu yoxlamalarda 544 pozuntu halı qeydə alınıb və onlar aradan qaldırılıb. Əmək şəraitinin yaxşılaşdırılmasına yönəlmiş 434 göstəriş və tələblərin 94 faizdən çoxu yerinə yetirilib.

Bununla da 48 müəssisədən 35-də işçilər zərərli iş şəraitindən çıxarılıb, qalan müəssisələrdə isə belə şəraitdə işləyənlərin sayı 41 faiz azalıb. 3 715 nəfərin iş şəraiti normalara cavab verəcək səviyyəyə çatdırılıb. İşəgötürənlərin bu məsələlərə diqqəti təqdirəlayiqdir. Belə ki, müsabiqə ilində işəgötürənlər əməyin mühafizəsinə ayrılan vəsaitləri nəzərdə tutulduğundan 106 min manat artırıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti