...

Azərbaycanda ilk qədim daş dövrünə aid Damcılı mağarasında yaponlarla birgə tədqiqatlara başlanılıb (FOTO)

Cəmiyyət Materials 27 İyul 2018 10:44 (UTC +04:00)
Avey Dövlət Tarix Mədəniyyət qoruğu ərazisindəki- Qazax rayonunun Daşsalahlı kəndi yaxınlığında yerləşən Damcılı mağara düşərgəsində Azərbaycan-Yaponiya beynəlxalq arxeoloji ekspedisiyası tədqiqatlara başlayıb.
Azərbaycanda ilk qədim daş dövrünə aid Damcılı mağarasında yaponlarla birgə tədqiqatlara başlanılıb (FOTO)

Bakı. İlhamə İsabalayeva - Trend:

Avey Dövlət Tarix Mədəniyyət qoruğu ərazisindəki - Qazax rayonunun Daşsalahlı kəndi yaxınlığında yerləşən Damcılı mağara düşərgəsində Azərbaycan-Yaponiya beynəlxalq arxeoloji ekspedisiyası tədqiqatlara başlayıb.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutundan Trend-ə verilən məlumata görə, aparılan tədqiqatlar nəticəsində burada orta əsrlər, tunc, xalkolit, neolit, mezolit və orta paleolit təbəqələri ardıcıl olaraq aşkarlanıb.

Qeyd edək ki, Azərbaycan ərazisində Qobustandan sonra ilk dəfə Damcılı düşərgəsində toxunulmamış mezolit təbəqəsi qeydə alınıb. Bu tədqiqatın əsas məqsədi regionda neolit dövrü mədəniyyətinin mənşəyi məsələsinin aydınlaşdırılmasıdır. Belə ki, Damcılı düşərgəsində toxunulmamış mezolit mədəni təbəqəsinin aşkar olunması Azərbaycan ərazisində neolit mədəniyyətinin (əsasən Şomutəpə mədəniyyətinin) kənar mədəni təsirlərin və regiona Ön Asiyadan miqrasiyanın dinamikasında məhz yerli mezolit mədəniyyəti əsasında inkişaf etməsi barədə fikir yürütməyə əsas verir.

Gələcəkdə aparılacaq tədqiqatlar və aşkar olunacaq yeni sahələr nəticələri gücləndirməyə imkan verəcək.

Xatırladaq ki, 65 il əvvəl M.M.Hüseynov və S.N.Zamyatin tərəfindən Azərbaycanda ilk qədim daş dövrünə aid abidə – Damcılı mağarası aşkarlanmışdır. 1956-1957-cı illərdə burada aparılan tədqiqatlar zamanı orta paleolit (mustye mədəniyyəti), üst paleolit, mezolit, neolit və orta əsrlərə aid zəngin materiallar aşkar olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti