...

Bakıda restoranda kütləvi zəhərlənmə ilə bağlı cinayət işi açılıb

Cəmiyyət Materials 18 Avqust 2018 15:03 (UTC +04:00)
Bakıda restoranda kütləvi zəhərlənmə ilə bağlı cinayət işi açılıb.
Bakıda restoranda kütləvi zəhərlənmə ilə bağlı cinayət işi açılıb

Bakı. Trend:

Qida Təhlükəsizliyi Agentliyi və Baş Prokurorluq Bakıda restoranda 13 nəfərin zəhərlənməsi ilə bağlı birgə məlumat yayıb.

Agentlik və Baş Prokurorluğun Mətbuat xidmətlərindən Trend-ə daxil olan birgə məlumata görə, ölkəmizdə qida təhlükəsizliyinin qorunması istiqamətində atılan addımlardan biri kimi əhalinin təhlükəsiz və keyfiyyətli qida məhsulları ilə təmin edilməsi və qida məhsullarının təhlükəsizliyinə nəzarət sisteminin səmərəliliyinin daha da artırılması ilə bağlı kompleks tədbirlər həyata keçirilir. Lakin bəzi hallarda ictimai iaşə xidmətləri göstərən ayrı-ayrı fiziki və hüquqi şəxslər tərəfindən ciddi qida təhlükəsizliyi qaydalarının pozulması hallarına yol verilir.

Belə ki, avqustun 11-də paytaxtın Nərimanov rayonunda fəaliyyət göstərən “Tonqal” restoranında qida təhlükəsizliyinə və istehlakçıların keyfiyyətli qida məhsulları ilə təmin olunmasına məsul olan vəzifəli şəxs və ya şəxslərin öz xidməti vəzifələrinə laqeyd münasibət göstərməsi nəticəsində 3-ü azyaşlı olmaqla 13 nəfər qidadan zəhərlənərək Klinik Tibbi Mərkəzə və 2 saylı Uşaq Kliniki Xəstəxanasına yerləşdirilmişlər.

Qida Təhlükəsizliyi Agentliyinin yüksək ixtisaslı mütəxəssisləri tərəfindən hadisənin baş verdiyi restoranda aparılmış müvafiq epidemioloji araşdırmalarla bir sıra ciddi qida təhlükəsizliyi qaydalarının pozulması hallarına yol verildiyi müəyyən olunub və müayinə aparılması məqsədi ilə ayrı-ayrı qida məhsullarından nümunələr götürülüb.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, insanların zəhərlənmə səbəblərinin və digər halların müəyyənləşdirilməsi məqsədilə müvafiq ekspertizalar təyin edilib.

Hazırda iş üzrə təqsirkar şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq hərəkətləri davam etdirilir.

Qida təhlükəsizliyinə və qida məhsulları istehlakçılarının hüquqlarının pozulmasına yönəlmiş hər növ qanun pozuntularının qarşısının alınması istiqamətində bundan sonra da ən ciddi tədbirlər görüləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti