...

Bakıda fövqəladə hallara uşaqların hazırlığı müzakirə edilib (FOTO)

Cəmiyyət Materials 13 Sentyabr 2018 18:16 (UTC +04:00)
Fövqəladə Hallar Nazirliyi və UNİCEF-in təşkilatçılığı ilə konfrans keçirilib.
Bakıda fövqəladə hallara uşaqların hazırlığı müzakirə edilib (FOTO)

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyi (FHN) və UNİCEF-in təşkilatçılığı ilə “Fövqəladə hallara uşaq yönümlü hazırlıq və cavab tədbirləri sahəsində potensialın artırılması” mövzusunda konfrans keçirilib.

FHN-dən Trend-ə verilən məlumata görə, konfransda fövqəladə hallar nazirinin müavini tibb xidməti general-leytenantı Faiq Tağı-zadə, UNİCEF-in ölkəmizdəki nümayəndəliyinin rəhbərinin müavini Min Yuan, Fövqəladə Hallar, Təhsil, Səhiyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Azərbaycan Qırımızı Aypara Cəmiyyətinin, Beynəlxalq Avrasiya Mətbuat Fondunun məsul əməkdaşları, BMT-nin, BMT İnkişaf Proqramının, UNİCEF-in, Ümümdünya Səhiyyə Təşkilatının, Beynəlxalq Qırmızı Xaç Komitəsinin, Beynəlxalq Kənd Təsərrüfatı və Qida Fondunun, digər nüfuzlu beynəlxalq təşkilatların təmsilçiləri iştirak ediblər.

Konfransın açılış mərasimində çıxış edən fövqəladə hallar nazirinin müavini F.Tağı-zadə bildirib ki, FHN yarandığı gündən fəlakətlərə hazırlıq və cavab tədbirləri üzrə potensialın artırılması və bu mənada uşaq yönümlü fəaliyyətlərə xüsusi diqqət ayırıb. Nazirlik qeyd olunan sahələr üzrə beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq etmiş və BMT-nin Uşaq Fondu ilə birgə təşkil olunmuş bu tədbir də sözügedən fəaliyyətin bariz nümunəsi sayıla bilər. Nazir müavini konfrans iştirakçılarına müvəffəqiyyət arzulayıb.

UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbərinin müavini Min Yuan BMT-nin Azərbaycan hökuməti ilə əməkdaşlığa böyük önəm verdiyini vurğulayıb və FHN-nin fövqəladə hadisələrin qarşısının alınması və nəticələrinin aradan qaldırılmasına yönəlik layihələrini dəstəklədiyini diqqətə çatdırıb. O, bu tədbirin uşaqları fövqəladə hadisələrə hazırlamaq baxımından böyük əhəmiyyət daşıdığını bildirib, digər nazirliklərin də belə layihələrə qoşulacağına ümidvar olduğunu söyləyib.

FHN-nin İctimaiyyətlə əlaqə idarəsinin rəis müavini polkovnik Məhbubə Mustafayeva fövqəladə hallar zamanı düzgün davranış qaydalarının vətəndaşlara uşaqlıqdan aşılanmasının vacibliyini bildirib, uşaqların maarifləndirilməsi, fövqəladə hallara hazırlıq səviyyəsinin artırılması istiqamətində görülmüş işlərdən danışıb.

Konfransda FHN və UNİCEF-in birgə təşkilatçılığı ilə keçirilmiş “Gənc xilasedici” beynəlxalq yarışlarına həsr edilmiş film nümayiş olunub.

Sonra konfrans çərçivəsində mövzuya dair sessiyalar keçirilib. Sessiyalarda fövqəladə hallara uşaq yönümlü hazırlıq və cavab tədbirləri sahəsində potensialın artırılmasına dair çıxışlar dinlənilib, səmərəli fikir mübadiləsi aparılıb.

Konfransın sonunda UNİCEF-in Azərbaycan nümayəndəliyi rəhbərinin müavini Min Yuan və FHN İctimaiyyətlə əlaqə idarəsinin rəis müavini Məhbubə Mustafayevə tədbir iştirakçılarına təşəkkür edib, gələcəkdə də sözügedən məsələylə bağlı layihələrin reallaşdırılması istiqamətinə səmərəli əməkdaşlığın davam etdiriləcəyinə ümidvar olduqlarını bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti