...

Kənd təsərrüfatı təyinatlı torpaqların icarəyə verilməsi Əmlak Məsələləri Dövlət Komitəsinin xüsusi razılığı əsasında həyata keçiriləcək

İqtisadiyyat Materials 20 Sentyabr 2018 14:11 (UTC +04:00)
Azərbaycanda dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqların icarəyə verilməsi qaydalarında dəyişiklik edilib.
Kənd təsərrüfatı təyinatlı torpaqların icarəyə verilməsi Əmlak Məsələləri Dövlət Komitəsinin xüsusi razılığı əsasında həyata keçiriləcək

Bakı. İlhamə İsabalayeva – Trend:

Azərbaycanda dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqların icarəyə verilməsi qaydalarında dəyişiklik edilib.

Trend-in məlumatına görə, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 19-da “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 24 iyun tarixli 116 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında" fərman verib.

Ekspertlərin fikrincə, bu fərman ölkədə dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqların istifadəsinə nəzarətin gücləndirilməsini təmin edəcək.

Məsələ ilə bağlı Trend-ə açıqlama verən ekspertlər qeyd ediblər ki, yeni fərmana uyğun olaraq, bundan sonra dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqların müvafiq yerli icra hakimiyyətləri tərəfindən icarəyə verilməsi Əmlak Məsələləri Dövlət Komitəsinin xüsusi razılığı əsasında həyata keçiriləcək. Yəni bu qurum artıq dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqların icarəyə verilməsinə razılıq vermək səlahiyyətinə malik olub.

Əvvəllər isə bu torpaqların icarəyə verilməsi üçün Əmlak Məsələləri Dövlət Komitəsinin yalnız rəy verməsi tələb edilir və həmin rəy əsasında da torpaqlar icarəyə verilirdi:

“Lakin “rəy” “icazə”dən fərqlənir. Bu fərq ondan ibarətdir ki, “rəy”i nəzərə almaya da bilərlər, amma artıq bu icazənin verilməsi qanunla təsbit edilir. Bunun üçün “Torpaq icarəsi” haqqında qanuna və “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi haqqında Əsasnamə”yə yeni maddə əlavə edilib. Torpaqların komitənin icazəsi ilə icarəyə verilməsi kənd təsərrüfatı təyinatlı torpaqların istifadəsində nəzarətin gücləndirilməsi məqsədilə həyata keçirilib. Kənd təsərrüfatı təyinatlı torpaqların icarəyə verilməsində xüsusi prosedurlar tətbiq edilir. Yəni, bunun üçün iqtisadi qiymətləndirmələr və digər əsaslandırmalar aparılır ki, kənd təsərrüfatı təyinatlı torpaqların icarəyə verilməsinə razılıq əsaslandırılmış şəkildə verilmiş olsun. Bu dəyişiklik isə imkan verir ki, kənd təsərrüfatı təyinatlı torpaqların başqa məqsədlərlə istifadəsinə nəzarət gücləndirilsin. Bütün bu məsələlər də kənd təsərrüfatının inkişafı, eyni zamanda dövlət mülkiyyətndə saxlanılan kənd təsərrüfatı təyinatlı torpaqların gələcəkdə yalnız kənd təsərrüfatı məqsədi üçün daha geniş istifadə edilməsinə imkan yaradır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti