...

Sahil Babayev Rumıniyanın baş nazirinin müavini ilə görüşüb (FOTO)

Cəmiyyət Materials 23 Noyabr 2018 17:24 (UTC +04:00)
Nazir Sahil Babayev Rumıniyanın baş nazirinin müavini Ana Birçal ilə görüşüb
Sahil Babayev Rumıniyanın baş nazirinin müavini ilə görüşüb (FOTO)

Bakı. Trend:

Əmək və əhalinin sosial müdafiəsi naziri, Azərbaycan və Rumıniya hökumətlərii arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın Azərbaycan tərəfindən həmsədri Sahil Babayevin başçılıq etdiyi nümayəndə heyəti Rumıniyanın paytaxtı Buxarest şəhərində keçirilən Komissiyanın 5-ci iclasında iştirak etmək üçün həmin ölkədə səfərdədir.

Nazirlikdən Trend-ə verilən məlumata görə, səfər çərçivəsində nümayəndə heyəti Buxarest şəhərində yerləşən “Tey Parkı - Heydər Əliyev Xiyabanı”na gələrək, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Xiyabandakı büstü önünə gül dəstələri düzüblər.

S.Babayev Komissiyanın Rumıniya tərəfindən yeni həmsədri, Rumıniyanın Baş nazirinin strateji əməkdaşlığın həyata keçirilməsi üzrə müavini Ana Birçal ilə görüşüb. O, Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu siyasəti nəticəsində ölkəmizdə bütün sahələrdə dayanıqlı inkişafın təmin edildiyini diqqətə çatdırıb. Eyni zamanda, beynəlxalq əlaqələrin, habelə Avropa İttifaqı ölkələri, o cümlədən Rumıniya ilə əməkdaşlığın inkişafına xüsusi önəm verildiyini bildirib.

Nazir ötən dövrdə Azərbaycan və Ruminiya prezidentlərinin qarşılıqlı səfərlərinin, imzaladıqları əməkdaşlıq sənədlərinin, xüsusilə 2009-cu ildə imzalanan “Azərbaycan Respublikası və Rumıniya arasında strateji tərəfdaşlığın yaradılması razılaşması haqqında Birgə Bəyannamə”nin, həmçinin strateji tərəfdaşlığın həyata keçirilməsi üzrə 2011-ci ildə imzalanan birgə Fəaliyyət Planının iki ölkə arasında əlaqələrin inkişafına imkan yaratdığını vurğulayıb.

S.Babayev qeyd edib ki, Azərbaycan Avropanın vacib və etibarlı tərəfdaşı olaraq Avropanın enerji təhülkəsizliyinə əhəmiyyətli töhfələr verir. Bu məqsədlə ölkəmiz ötən dövrdə enerji ixrac marşrutlarını da şaxələndirib. Nazir iki ölkə arasında enerji, investisiya, neft və neft-kimya məhsullarının tədarükü sahələrində əməkdaşlığın inkişaf etdiyini bildirib, SOCAR tərəfindən icra olunan mühüm layihələri qeyd edib. O, nəqliyyat, kənd təsərrüfatı, təhsil, turizm, mədəniyyət, elmi-texniki sahələrdə əlaqələrin də genişləndiyini diqqətə çatdırıb.

A.Birçal ölkəsinin Azərbaycanla əlaqələrinin strateji tərəfdaşlıq səviyyəsində olmasından məmnunluğunu ifadə edib. Əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün geniş potensialın olduğunu vurğulayan xanım A.Birçal ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın fəaliyyətinin ikitərəfli strateji tərəfdaşlığa yeni töhfələrini verəcəyinə əminliyini bildirib. O, Komissiyanın 5-ci iclasının bu istiqamətdə növbəti mühüm addımların atılmasına xidmət etdiyini deyib.

Görüşdə əlaqələrin mövcud vəziyyəti və inkişaf perspektivləri, Müştərək Komissiyanın qarşısında duran vəzifələr müzakirə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti