...

Səhiyyə Nazirliyi: Zəlzələdən həyəcanlanan 1 nəfərin dili tutulub, 1 nəfərin isə beyninə qan sızıb

Cəmiyyət Materials 6 Fevral 2019 09:38 (UTC +04:00)
Şamaxı Mərkəzi Rayon Xəstəxanası zəlzələ ilə bağlı gücləndirilmiş rejimdə çalışıb.
Səhiyyə Nazirliyi: Zəlzələdən həyəcanlanan 1 nəfərin dili tutulub, 1 nəfərin isə beyninə qan sızıb

Bakı. İlhamə İsabalayeva - Trend:

Şamaxı Mərkəzi Rayon Xəstəxanası zəlzələ ilə bağlı gücləndirilmiş rejimdə çalışıb.

Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, hadisə ilə əlaqədar 6 təcili tibbi yardım briqadası işləyib: "Təcili yardıma 30 müraciət edilib, 3 nəfər travmatologiya şöbəsinə çatdırılıb. Bir nəfərə qolun sınığı, digər iki nəfərə ayaqlarının əzilməsi diaqnozu qoyulub. Xəsarət alanlara travmatologiya şöbəsində lazımi yardım göstərilib".

Məlumatda qeyd edilir ki, digər çağırışlar həyəcandan təzyiqi qalxanlarla əlaqəli olub: "Onlara xəstəxananın terapiya şöbəsində tibbi yardım göstərilib. Bir nəfər gəncin həyəcandan dili tutulub. O da yardım göstərildikdən sonra normallaşıb və evinə buraxılıb. Daha bir nəfərin isə həyəcandan beyninə qan sızıb. Həmin şəxsin 58 yaşı var, reanimasiya şöbəsində müalicə alır. Vəziyyəti ağır qiymətləndirilir".

Xatırladaq ki, dünəndən indiyədək 5 zəlzələ qeydə alınlıb. İlkin zəlzələ yerli vaxtla 23.19-da Pirqulu stansiyasından 7 km cənubda Ağsu ərazisində 4,4 bal gücündə qeydə alınıb. Yeraltı təkanların ocağı 10 km dərinlikdə yerləşib. Həmin zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 4,3 bala qədər hiss olunub. Sonuncu zəlzələ isə saat 04.25-də Pirqulu stansiyasından 9 km cənub-qərbdə İsmayıllı ərazisində zəlzələ qeydə alınıb. Həmin zəlzələlərin 3-ü hiss edilən olub. Sonuncu iki zəlzələ isə hiss edilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti