...

Xocalı Soyqırımının ildönümü ilə əlaqədar ölkəmizin Misirdəki səfirliyində anım mərasimi keçirilib

Cəmiyyət Materials 25 Fevral 2019 00:29 (UTC +04:00)
Xocalı Soyqırımının 27-ci ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Misirdəki səfirliyində anım mərasimi keçirilib.
Xocalı Soyqırımının ildönümü ilə əlaqədar ölkəmizin Misirdəki səfirliyində anım mərasimi keçirilib

Bakı. Trend:

Xocalı Soyqırımının 27-ci ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Misirdəki səfirliyində anım mərasimi keçirilib.

Trend-ə səfirlikdən verilən məlumata əsasən, Xocalı Soyqırımının 27-ci ildönümü ilə əlaqədar səfirlikdə keçirilən anım mərasimində Misirin ictimai-siyasi xadimləri, qubernator və səfirlər, Misir-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri və üzvləri, Ərəb Dövlətləri Liqasının Mədəniyyətlərarası Dialoq Departamenin rəhbəri, Misirin Ali Təhsil Nazirliyinin Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəhbəri, Misir Elmlər Akademiyasının vitse-prezidenti, Əl-Əzhər və Qahirə universitetlərin rektor müavinləri, dekan, doktor və professor heyəti, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.A.Bakıxanova adına Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudov və onun başçılıq etdiyi nümayəndə heyəti, Azərbaycan dilində təhsil alan Qahirə və Ayn-Şəms universitetinin tələbələri, Azərbaycan diasporu və azərbaycanlı tələbələri, habelə Misir ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan AR-ın Misirdəki səfiri Tural Rzayev Azərbaycan xalqının bu il Xocalı soyqırımının 27-ci ildönümünü qeyd etdiyini vurğulayıb, Xocalı qətliamı zamanı erməni silahlı qüvvələri tərəfindən törədilmiş vəhşiliklər, amansızcasına qətlə yetirilmiş yaşlılar, qadınlar və uşaqlar barədə məlumat verib.

T.Rzayev Xocalıda dinc insanlara qarşı törədilmiş qətliamla bağlı ciddi ölçülərin götürülməməsindən təəssüfləndiyini bildirmiş, bir milyondan çox azərbaycanlının öz tarixi torpaqlarından çıxarılaraq, qaçqın və köçkün vəziyyətdə yaşadıqlarını vurğulayıb. Səfir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ətrafında gedən sülh danışıqlarının da indiyədək heç bir müsbət nəticə verməməsini Ermənistan tərəfinin tutduğu qeyri-konstruktiv mövqeyi ilə əlaqələndirib.

Sonra akademik Yaqub Mahmudov çıxış edərək, erməni təcavüzkarlarının müstəqil Azərbaycana qarşı işğalçılıq siyasətindən, xalqımıza qarşı törədilən soyqırımlarından, xüsusilə Xocalı soyqırımından bəhs edib, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə baxmayaraq, Ermənistanın Azərbaycan torpaqlarını hələ də işğal altında saxlamaqda davam etdiyini vurğulayıb.

Akademik tarixi Azərbaycan torpaqları olan indiki Ermənistan ərazisində və ölkəmizin işğal olunmuş Qarabağ torpaqlarında yüzlərlə tarixi abidənin, İslam tarixi irsinin məhv edildiyini və Azərbaycana aid toponimlərin saxtalaşdırıldığını xüsusilə vurğulayaraq, bu vandalizmə qarşı elmi müstəvidə birləşməyin vacibliyini diqqətə çatdırıb.

Daha sonra tədbirdə iştirak edən və Diaspora mərkəzində Azərbaycan dilini öyrənən misirli tələbələr ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilən soyqırımları pisləyən çıxışlar etmiş və birgə Səməd Vurğunun “Azərbaycan” adlı şerini səsləndiriblər.

Anım mərasimində Xocalı soyqırımını əks etdirən kitablar nümayiş etdirilib.

Qeyd edək ki, Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar AR-ın Misirdəki səfirliyində keçirilən anım mərasimi Misirin bir sıra nüfuzlu qəzet və internet səhifələrində geniş şəkildə işıqlandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti