...

Bakıda ticarət mərkəzində baş vermiş yanğın söndürülüb (FOTO/VİDEO) (YENİLƏNİB-4)

Cəmiyyət Materials 26 Mart 2019 17:17 (UTC +04:00)
Bakının 8-ci km qəsəbəsindəki "Diqlas" ticarət mərkəzində güclü yanğın baş verib.
Bakıda ticarət mərkəzində baş vermiş yanğın söndürülüb (FOTO/VİDEO) (YENİLƏNİB-4)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 08:40-da yayılıb)

Bakı. Samir Əli - Trend:

Bakının Nizami rayonundakə "Diqlas" ticarət mərkəzində baş vermiş yanğın söndürülüb.

Trend-in məlumatına görə, hazırda kəşfiyyat, soyutma, tüstülənmə mənbələrinin aşkarlanması üçün söküntü işləri aparılır.

Qeyd edək ki, yanğın təqribən saat 08:12-də baş verib.

Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin 100-dən çox şəxsi heyət, 20-dən artıq texnika, o cümlədən 3 helikopter cəlb edilib.

Yanğın sahəsi 2 hektardan artıqdır.

Ticarət mərkəzi ilə yanaşı, ətrafdakı bitişik tikililər də yanıb. Əsasən tikinti materialları, geyim əşyaları yanıb.

Hadisə zamanı yanğınsöndürmə briqadasının bir əməkdaşı xəsarət alıb. O, sağ əlin kəsilmiş yarası ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Ticarət mərkəzinin heç bir mərtəbəsində yanğınsöndürmə sistemi olmayıb. Obyekt rəhbərliyi tərəfindən yanğın təhlükəsizliyi qaydalarına ciddi nəzarət olunmadığından yanğın geniş şəkildə yayılıb.

İlkin məlumata görə, yanğın gül dükanından başlayıb. Araşdırmalardan sonra yanğının səbəbi məlum olacaq.

X X X

Bakı şəhərinin Nizami rayonu ərazisində ticarət və digər təyinatlı obyektlərin yerləşdiyi ərazidə davam edən yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin 2 ədəd helikopteri cəlb olunub.

X X X

10:04

Bakıda ticarət mərkəzində baş vermiş güclü yanğının söndürülməsinə helikopter də cəlb olunub.

Trend xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Qeyd olunur ki, Bakının Nizami rayonu ərazisində ticarət və digər təyinatlı obyektlərin yerləşdiyi ərazidə davam edən yanğının söndürülməsinə FHN-in Aviasiya dəstəsinin helikopteri cəlb olunub.

X X X

09:24

Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda ticarət mərkəzindəki güclü yanğınla bağlı məlumat yayıb.

Məlumatda deyilir: "Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nizami rayonu ərazisində ticarət və digər təyinatlı obyektlərin yerləşdiyi ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub. Çağırış ünvanına cəlb olunan Fövqəladə Hallar Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən yanğınsöndürmə işləri və digər təxirəsalınmaz tədbirlər görülür. Əlavə məlumat veriləcək".

X X X

08:40

Bakının 8-ci km qəsəbəsindəki "Diqlas" ticarət mərkəzində güclü yanğın baş verib.

Trend-in məlumatına görə, yanğın dükanlardan birində qeydə alınıb.

Yanğın ticarət mərkəzinin 4-cü mərtəbəsinədək yayılıb.

Hadisə yerinə 10-dan çox yanğınsöndürən briqada cəlb olunub.

Foto və video: Zaur Mustafayev

Məqalədə:
Xəbər lenti

Xəbər lenti