...

Məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə təxirəsalınmaz tədbirlər görülür

Cəmiyyət Materials 9 Aprel 2019 05:43 (UTC +04:00)
Əhatəli tədbirlər planı hazırlanaraq qəbul edilib.
Məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə təxirəsalınmaz tədbirlər görülür

Bakı. Trend:

Məhkəmə-Hüquq Şurasının bütün apellyasiya məhkəmələri sədrlərinin, hakim assosiasiyaları rəhbərlərinin, habelə vətəndaş cəmiyyəti və KİV nümayəndələrinin iştirakı ilə geniş iclası keçirilib. İclasda ölkə Prezidentinin «Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında» 03 aprel 2019-cu il tarixli Fərmanından irəli gələn vəzifələr müzakirə olunub.

Ədliyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, çıxış edən Şuranın sədri, nazir Fikrət Məmmədov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə insanların rifahının yaxşılaşdırılmasına yönələn hərtərəfli sosial-iqtisadi islahatlar barədə məlumat verib, ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə mütərəqqi tədbirlərə toxunub.

Xüsusilə ötən il dövlət başçısının təşəbbüsü ilə məhkəmə icraatının sadələşdirilməsi və təkmilləşdirilməsinin, o cümlədən elektron icraat mexanizminin yaradılmasının əhəmiyyətini bildirib. Ölkə Prezidentinin yüksək etimadı ilə aparılmış təyinatlar nəticəsində hakim vakansiyalarının əksəriyyətinin, habelə ali və apellyasiya məhkəmələrinin bütünlüklə komplektləşməsinin süründürməçilik hallarının qarşısının alınmasına, işlərə vaxtında və daha keyfiyyətli baxılmasına xidmət etdiyini vurğulayıb.

İclasda məhkəmə islahatlarının dərinləşdirilməsi barədə proqram xarakterli Fərmanın imzalanması ilə bu sahədə islahatların keyfiyyətcə yeni mərhələyə keçdiyi bildirilib, onun məhkəmə-hüquq orqanlarının fəaliyyətinin müasir tələblər səviyyəsində qurulması üçün “yol xəritəsi” olduğu, nəzərdə tutulmuş tövsiyə və tapşırıqların dərhal icrasına başlanıldığı vurğulanıb.

Qeyd edilib ki, əhalinin, xüsusilə ölkənin iqtisadi inkişafında mühüm rol oynayan sahibkarların məhkəməyə müraciət imkanlarının asanlaşdırılması məqsədilə yeni məhkəmənin təşkili, vahid məhkəmə təcrübəsinin formalaşdırılması, cəza siyasətinin humanistləşdirilməsi və cinayətlərin dekriminallaşdırılması barədə işlərin davam etdirilməsi, hakimlərin və məhkəmə işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, məhkəmələrin infrastrukturu və təchizatının yaxşılaşdırılması, “Elektron məhkəmə” informasiya sisteminin tətbiqi, habelə hakim ştatlarının sayının 200 vahid artırılması ilə bağlı tövsiyə və tapşırıqlar ölkəmizdə məhkəmə sisteminin inkişafına əsaslı təsir göstərəcəkdir.

Məhkəmə fəaliyyətinə kənar müdaxilənin qarşısının alınması mexanizmlərinin təkmilləşdirilməsi və bununla bağlı məsuliyyət tədbirlərinin gücləndirilməsi barədə qarşıda qoyulan vəzifənin məhkəmə hakimiyyətinin müstəqilliyinin gücləndirilməsinə xidmət etdiyi bildirilib. Hakimlərin fəaliyyətlərində ədalət, qanunçuluq, qərəzsizlik, aşkarlıq, hər kəsin qanun qarşısında bərabərliyinin təmin olunması və ədalət mühakiməsinin digər prinsiplərinə dönmədən əməl edilməsinin vacibliyi vurğulanıb.

Məhkəmə-Hüquq Şurasında çıxış edən Ali Məhkəmənin sədri Ramiz Rzayev ölkə başçısının qeyd edilən Fərmanının məhkəmə sistemində islahatlara vüsət verdiyini vurğulayıb, hüquqi yanaşmanın sabitliyinin təmin edilməsi və vahid məhkəmə təcrübəsinin formalaşdırılması, bu sahədə müvafiq mexanizmlərin işlənilməsinin xüsusi əhəmiyyətini bildirib.

İclasda hakimlərin müstəqilliyinin təmin edilməsi, onların fəaliyyətinə müdaxilə və digər neqativ halların aradan qaldırılması məqsədilə qaynar xətt yaradılması, hakimlərin və məhkəmə sədrlərinin peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi işinin təkmilləşdirilməsi, ədalət mühakiməsinin həyata keçirilməsində aşkarlığın və qərəzsizliyin təmin edilməsi məqsədilə məhkəmə qərarlarının elektron dərci, işlərin elektron bölüşdürülməsi, qeyri-prosessual münasibətlərin yolverilməzliyinin təmin olunması üzrə mütəmadi monitorinqlərin keçirilməsi barədə konkret tapşırıqlar verilib.

Bu məqsədlə Şurada informasiya və kommunikasiya texnologiyaları, habelə Məhkəmə monitorinqi sektorlarının yaradılması qərara alınıb. Ədalət mühakiməsinin səmərəliliyinin artırılması və məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə müvafiq qanun layihələrinin aidiyyəti orqanlarla birgə işlənilməsi məqsədilə işçi qrupu yaradılıb, əhatəli tədbirlər planı hazırlanaraq qəbul edilib.

İclasda çıxış edənlər, o cümlədən vətəndaş cəmiyyəti nümayəndələri Fərmanın qarşıda mühüm vəzifələr qoyduğunu vurğulayıb, dövlət başçısına məhkəmə hakimiyyətinin inkişafına verilən mühüm önəmə görə dərin ehtiramını ifadə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti