...

Qazilərin mühərrikli təkərli oturacaqlarla təminatına başlanılıb (FOTO)

Cəmiyyət Materials 10 Mart 2021 11:20 (UTC +04:00)
Qazilərin mühərrikli təkərli oturacaqlarla təminatına başlanılıb (FOTO)

Bakı. İlhamə İsabalayeva - Trend:

Vətən müharibəsində yaralanmış qazilərimizin mühərrikli təkərli oturacaqlarla təminatına başlanır.

Trend-in məlumatına görə, bunu bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzində qazilərə mühərrikli təkərli oturacaqların təqdimetmə tədrisində çıxış edən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Cavid Əbdül-Qədirov deyib.

Onun sözlərinə görə, ilk mərhələdə ölkəmizin ərazi bütövlüyü ilə əlaqədar əlilliyi olan şəxslərə, sonrakı mərhələdə digər əlilliyi olan şəxslərə mühərrikli təkərli oturacaqlar təqdim olunacaq. Bütün bunlar ölkəmizdə əlilliyi olan şəxslərlə bağlı həm reabilitasiya infrastrukturunun, həm də reabilitasiya texnologiyalarının müasirləşdirildiyini göstərir.

C.Əbdül-Qədirov əlavə edib ki, yeni təkərli oturacaqlar mühərrik əsasında işləyir və əlilliyi olan şəxslərə kənar şəxsin köməyi olmadan sərbəst hərəkət etmək imkanı yaradır.

Agentlik sədri Prezident İlham Əliyevin müharibə iştirakçılarına xüsusi qayğısının təzahürü olaraq, qazilərimizlə bağlı genişmiqyaslı dəstək tədbirlərinin həyata keçirildiyini vurğulayıb.

O bildirib ki, dəstək tədbirləri sırasında müharibədə yaralanmış qazilərimizin reabilitasiya xidmətləri və reabilitasiya vasitələri ilə təminatı mühüm yer tutur.

Son iki ildə 11 reabilitasiya və sosial xidmət müəssisəsi istifadəyə verilib. Qazilərimizə keyfiyyətli reabilitasiya xidmətləri göstərilməsi üçün müasir infrastruktur yaradılıb.

Agentlik sədri qazilərin ötən ilin dekabr ayından yüksək texnologiyalı protezlərlə təminatına başlandığını, artıq 15 hərbçinin yüksək texnologiyalı protezlə təmin edildiyini, bu sahədə işlərin davam etdirildiyini qeyd edib. Əlavə olaraq postmüharibə dövründə 210 qaziyə də 1220 reabilitasiya vasitəsi verildiyini diqqətə çatdırıb.

Qeyd edək ki, bu gün Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzində Vətən müharibəsində yaralanmış qazilərimiz – Abdulla Abdullayev, Camal Alxasov, Natiq Salahov, Vüqar İbrahimov və İntiqam Əkbərov mühərrikli təkərli oturacaqla təmin ediliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti