...

Azərbaycanda təqaüd alan tələbələrin sayı açıqlanıb

Cəmiyyət Materials 24 Dekabr 2021 16:57 (UTC +04:00)
Azərbaycanda təqaüd alan tələbələrin sayı açıqlanıb

Bakı. Humay Ağacanova - Trend:

Ali təhsil sistemində ümumilikdə 150 minə yaxın tələbə təqaüdlə əhatə olunur.

Trend-in məlumatına görə, bu barədə Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov bildirib.

O qeyd edib ki, həmin tələbələrdən 15,5 faizi əlaçı, 23,1 faizi həvəsləndirici, 61,4 faizi isə sadə təqaüd alır.

Xatırladaq ki, Prezident İlham Əliyevin imzaladığı yeni Fərman və Sərəncamlara əsasən, ölkədə müavinətlərin artırılması ilə yanaşı, bəzi təqaüdlər də artırılıb. Artımlar 2022-ci ilin əvvəlindən tətbiq olunacaq.

Sərəncamla gələn ilin əvvəlindən həmin təqaüdlərin məbləği elmlər doktoru hazırlığı üzrə doktorantlar üçün 360 manat, fəlsəfə doktoru hazırlığı üzrə doktorantlar üçün 216 manat, ali təhsil müəssisələrində və AMEA-da adlı təqaüd alan tələbələr üçün 204 manat, magistr səviyyəsi üzrə akademik göstəriciləri 91-100 bal olan tələbələr üçün 174 manat, 71-100 bal olan tələbələr üçün 144 manat, 51-100 bal olan tələbələr üçün 96 manat, bakalavr səviyyəsi üzrə akademik göstəriciləri 91-100 bal olan tələbələr üçün 156 manat, 71-100 bal olan tələbələr üçün 132 manat, 51-100 bal olan tələbələr üçün 90 manat təşkil edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti