...

Əqli Mülkiyyət Agentliyi “Müəllif Hüquqları Uğrunda” İctimai Birliyini akkreditasiyadan keçirib

Cəmiyyət Materials 11 Yanvar 2022 10:39 (UTC +04:00)
Əqli Mülkiyyət Agentliyi “Müəllif Hüquqları Uğrunda” İctimai Birliyini akkreditasiyadan keçirib

Bakı. Trend:

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçmiş “Müəllif Hüquqları Uğrunda” İctimai Birliyi qeydiyyatdan (akkreditasiyadan) keçmək üçün Əqli Mülkiyyət Agentliyinə müraciət edib.

Agentlikdən Trend-ə verilən məlumata görə, müraciətlə əlaqədar ictimai birlik tərəfindən təqdim olunan sənədlər və məlumatlar Agentliyin tabeliyində olan Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzində müəllif-hüquq qanunvericiliyinə uyğun şəkildə təhlil edilmişdir.

“Müəllif Hüquqları Uğrunda” İctimai Birliyinın fəaliyyət predmeti və məqsədi musiqili əsər müəlliflərinin əmlak hüquqlarının təmin edilməsi və bununla əlaqədar həmin hüquqların kollektiv əsasda idarə edilməsi ilə bağlı zəruri işlərin yerinə yetirilməsindən və musiqili əsərlərin yaradılması və geniş auditoriya qarşısında onun təbliğ edilməsi, bu sənətin nüfuzunun və ictimai əhəmiyyətinin yüksəldilməsidir.

Əqli Mülkiyyət Agentliyinin Akkreditasiya Komissiyasının iclasında ictimai birliyin müraciətinə müsbət rəy bildirilib. Komissiyasının üzvlərinin yekdil rəyinə əsasən, “Müəllif Hüquqları Uğrunda” İctimai Birliyinin 5 (beş) il müddətinə qeydiyyatdan (akkreditasiyadan) keçirilməsi barədə qərar qəbul edilib.

Müəlliflərin və əlaqəli hüquqların sahiblərinin əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatların qeydiyyatı (akkreditasiyası) haqqında şəhadətnamə Agentlik tərəfindən ictimai birliyə təqdim edilib.

Qeyd edək ki, müəlliflərin və əlaqəli hüquqların sahiblərinin əmlak hüquqlarının kollektiv əsasda idarə edən ictimai biliklər “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının Qanununun 41-ci maddəsinin 3-cü hissəsinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2011-ci il 22 sentyabr tarixli 149 nömrəli qərarı ilə təsdiq edilmiş “Müəlliflərin və əlaqəli hüquqların sahiblərinin əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatların qeydiyyatdan (akkreditasiyadan) keçirilməsi Qaydaları”na əsasən Əqli Mülkiyyət Agentliyində qeydiyyatdan (akkreditasiyadan) keçməlidirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti