...

Gəncədə 20 Yanvar şəhidlərinin xatirəsi anılıb (FOTO)

Cəmiyyət 20 Yanvar 2022 16:20 (UTC +04:00)
Gəncədə 20 Yanvar şəhidlərinin xatirəsi anılıb (FOTO)

Bakı. Trend:

Bu gün 20 Yanvar faciəsinin 32-ci il dönümüdür. Gəncədə Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda həlak olan şəhidlərin xatirəsi ehtiramla yad edilib. Şəhidlər Xiyabanında təşkil olunan anım mərasimdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Quru Qoşunlarının qərərgah rəisi, general-mayor Vasif Kazımov, Türkiyə və Gürcüstanın Gəncədəki baş konsulları, ictimaiyyət nümayəndələri, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri və sakinlər iştirak ediblər.

Əvvəlcə Şəhidlər Xiyabanının girişində "Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə itkin düşmüş şəxslərin xatirəsinə" inşa edilmiş və üzərində 100-ə yaxın şəxsin adı qeyd edilmiş lövhənin önünə güllər düzülüb, Gəncən şəhidlərinin şəkillərinin əks olunduğu lövhəyə baxış keçirilib.

Niyazi Bayramov və general-leytenant Ənvər Əfəndiyev “Əbədi məşəl” abidəsini ziyarət edib, önünə əklil qoyub, şəhidlərin ruhuna hörmət və ehtiramlarını ifadə ediblər. Abidə digər mərasim iştirakçıları tərəfindən də ziyarət olunub.

Daha sonra 20 Yanvar faciəsinin 32-ci ildönümünü ilə bağlı keçirilən ümumşəhər tədbirinin rəsmi hissəsi başalyıb.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərin ruhuna dualar oxunub.

Qeyd olunub ki, 1990-cı ilin Qanlı Yanvar hadisəsi Azərbaycan xalqı üçün təkcə böyük faciə deyildir. O, ləyaqətini qorumaq üçün hər cür qurban verməyə hazır olan xalqın tarixində şərəfli bir səhifədir. Bu qanlı gün həm ümumxalq faciəsi, həm də müstəqillik, istiqlal və hürriyyət uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə həkk olunub. Vurğulanıb ki, 20 yanvar 1990-ci il müasir tariximizin ən faciəli günlərindən biri olsa da Azərbaycan xalqının milli iradəsinin zəfər çaldığı gün kimi tarixdə qalacaq!

Bütün Respublika ərazisində olduğu kimi, saat 12:00-da Gəncədə də şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, avtomobillər vasitəsilə səs siqnalları verilib.

Niyazi Bayramov daha sonra şəhid ailələri ilə görüşüb, onların qayğıları ilə maraqlanıb. Səsləndirilən müraciətlərin bir çox yerindəcə öz həllini tapıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti