...

Gömrük Akademiyasının sonuncu kurs tələbələri istehsalat təcrübəsinə başlayıblar (FOTO)

Cəmiyyət Materials 22 Fevral 2022 20:45 (UTC +04:00)
Gömrük Akademiyasının sonuncu kurs tələbələri istehsalat təcrübəsinə başlayıblar (FOTO)

Bakı. Trend:

Dövlət Gömrük Komitəsinin Akademiyasının IV kurs tələbələri 21 fevral 2022-ci il tarixindən etibarən müxtəlif gömrük orqanlarında 14 həftəlik istehsalat təcrübəsinə başlayıblar. Bu münasibətlə Akademiya rəhbərliyinin və müvafiq struktur bölmələrin əməkdaşlarının iştirakı ilə təcrübəyə keçəcək tələbələrlə görüş keçirilib.

Tədbirdə giriş nitqi ilə çıxış edən Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov dövlət tərəfindən gənclərə göstərilən diqqət və qayğıdan söz açaraq son illərdə gömrük sahəsində aparılan islahatlardan, eləcə də Akademiyada keçirilən beynəlxalq tədbirlərdən ətraflı bəhs edib. Qulu Novruzov istehsalat təcrübəsinin dörd illik təhsilin sonuncu və çox önəmli bir mərhələsi olduğunu vurğulayıb. O, Akademiyadakı təhsil müddətində yüksək bilik və bacarıqlara yiyələnərək, nəzəri fənləri uğurla bitirmiş İqtisadiyyat və Hüquqşünaslıq ixtisası üzrə IV kurs tələbələrinə gömrük sahəsində praktiki bilikləri əldə etmələri üçün bu təcrübənin önəmli bir fürsət olduğunu qeyd edib.
Akademiya rəisi gömrük orqanlarında təcrübə zamanı tələbələrin əldə edəcəkləri biliklərin buraxılış işlərinin hazırlanmasında da olduqca faydalı olacağını əminliklə ifadə edib. Çıxışının sonunda Akademiya rəisi tələbələrə öz tövsiyələrini verib və onlara təcrübə müddətində uğurlar arzulayıb.

Daha sonra Akademiyanın Elmi işlər üzrə rəis müavini Cəmilə Namazova çıxış edərək tələbələrin hazırlıq səviyyəsinin müəyyən edilməsində istehsalat təcrübəsinin əhəmiyyətini vurğulayaraq, tələbələrin təcrübəli və hazırlıqlı kadr kimi formalaşmasında təcrübənin müstəsna əhəmiyyətə malik olduğunu qeyd edib. O, tələbələrə təcrübə müddətində daha fəal olmağı və əldə edilən biliklərdən səmərəli istifadə etməyi tövsiyə edib.
Tədbirin davamında Gömrük işi və idarəetmə kafedrasının müdiri Elvin Əlirzayev tələbələrə təcrübə gündəliklərini təqdim edərək onların doldurulması qaydaları, təcrübənin sonunda hesabatın tərtibi və buraxılış işlərinin yazılması qaydaları ilə bağlı təlimatlarla tanış edib.

Sonda tələbələri maraqlandıran suallar ətraflı cavablandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti