...

AzMİU-nun nümayəndə heyəti Ankara və Hacettepe Universitetində ezamiyyətdə olub (FOTO)

Cəmiyyət Materials 23 Fevral 2022 14:41 (UTC +04:00)
AzMİU-nun nümayəndə heyəti Ankara və Hacettepe Universitetində ezamiyyətdə olub (FOTO)

Bakı. Trend:

Fevralın 14-18-də Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) nümayəndə heyəti ötən həftə Türkiyədə ezamiyyətdə olub. Universitetin Tədris işləri üzrə prorektoru Akif Qasımovun rəhbərlik etdiyi nümayəndə heyəti Ankara və Hacettepe Universitetlərində səmərəli görüşlər keçiriblər, işgüzar danışıqlar aparıblar.

Ankara Universitetində baş tutan görüşdə Akif Qasımovla yanaşı, Mühəndis sistemləri və qurğularının tikintisi kafedrasının müdiri Nurməmməd Məmmədov, həmin kafedranın müəllimləri Gülnar Feyziyeva, Mirfatma Cavadova və Aynurə Bayramova da iştirak edib. Onu da qeyd edək ki, ezamiyyət Ankara Universiteti, orada aparılan elmi-tədqiqat işləri ilə yaxından tanışlıq, təhsilin Avropa standartlarının kriteriyalarının daha dərindən öyrənilməsi, gələcəkdə “Elektrik və elektronika mühəndisliyi” ixtisası üzrə ikili diplom layihəsinin işlənilməsi üçün hazırlıq məqsədi daşıyıb. Ankara Universitetinin rektoru, professor Necdet Ünüvar, rektor yardımşçıları, dekan və bölüm başqanlarının iştirakı ilə nümayəndə heyətini yüksək səviyyədə qəbul edib, çıxışında Azərbaycana xüsusi məhəbbətini vurğulayıb və xalqımızı möhtəşəm qələbə münasibətilə təbrik edib.

Görüşdə Akif Qasımov çıxış edərək AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədovanın salamlarını çatdırıb, səmimi qəbul üçün Ankara Universitetinin rəhbərliyinə, şəxsən rektora təşəkkür edib. O, Azərbaycan xalqının Vətən müharibəsində tarixi qələbəsində Türkiyənin dəstəyini xüsusi vurğulayıb. Eyni zamanda AzMİU-nun prorektoru səfərin məqsədi haqqında qısa məlumat verib, universitetlərimiz arasında əlaqələrin genişləndirilməsində maraqlı olduğumuzu görüş iştirakçılarının diqqətinə çatdırıb.

Daha sonra Mühəndis sistemləri və qurğularının tikintisi kafedrasının müdiri Nurməmməd Məmmədov qəbul üçün təşəkkürünü bildirib və uyğun kafedralar arasında gələcəkdə elmi-tədqiqat işlərinin aparılması, onlayn şəkildə birgə elmi seminarların, Beynəlxalq konfransların keçirilməsinin vacibliyini qeyd edib.

Ezamiyyət zamanı müəllimlər Ankara Universitetinin elmi-texniki bazası və Texnokəndi, Mühəndislik fakültəsinin dekanlığı, Elektrik və elektronika bölümünün auditoriya və laboratoriyaları, pedaqoji kollektivi ilə tanış olub, mühazirə dərslərində iştirak edib, gələcəkdə görüləcək işlər haqqında müzakirələr aparıblar. Görüşün sonunda tərəflər bir-birinə simvolik milli hədiyyələr verib, xatirə şəkilləri çəkdiriblər.

Daha sonra A.Qasımovun rəhbərlik etdiyi nümayəndə heyətinin bir qrupu Hacettepe Universitetinin prorektoru, professor Vural Gökmənlə görüşüb. Görüşdə Sənayenin təşkili və idarə edilməsi kafedrasının müdiri Ruhəngiz Əliyeva, İqtisadi nəzəriyyə və marketinq kafedrasının baş müəllimi Rumella Cəfərova, Biznesin iqtisadiyyatı və menecment kafedrasının dosenti Elşad Yusifov da iştirak edib. Səmimi qəbula görə Vural Gökmənə təşəkkürünü bildirən Akif Qasımov zəngin ənənələrə, müasir infrastruktura və güclü potensiala malik olan qardaş ölkənin aparıcı ali təhsil müəssisələrindən biri olan Hacettepe Universiteti ilə əməkdaşlıqda maraqlı olduqlarını diqqətə çatdırıb. A.Qasımov AzMİU-nun potensial inkişaf istiqamətləri və strateji hədəfləri barədə ətraflı məlumat verib, tələbə - müəllim mübadiləsi, birgə elmi konfransların təşkili, ortaq layihələrin icra edilməsi və digər sahələrdə ikitərəfli əməkdaşlıq üçün mövcud imkanların səfərbər edilməsinin önəmindən danışıb.

Hacettepe Universitetinin prorektoru, professor Vural Gökmen hər iki ali təhsil müəssisəsinin iqtisad profilli fakültələri arasında qarşılıqlı faydalı işbirliyinin potensial nəticələrinə dair fikirlərini bölüşüb. Hacettepe Universitetində davam edən görüşdə iqtisadi ixtisaslar üzrə birgə fəaliyyətin detalları müzakirə olunub.

Səfər zamanı AzMİU-nun əməkdaşları Universitetin kitabxanası, İqtisadi və idari bilimlər fakültəsinin müəllimləri və tələbələri ilə də tanış olublar. İqtisadi və idari bilimlər fakültəsinin dekanı, professor Mustafa Umur Tosun həmkarlarına fakültənin tarixi haqqında məlumat verib, ən üstün keyfiyyətə malik innovativ fakultələrdən biri olduğunu vurğulayıb. Görüşdə qarşılıqlı maraq doğuran çoxsaylı məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb, ilkin mərhələdə atılacaq addımlardan danışılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti