...

Həyat yoldaşını öldürən polisin vəkili məhkəməyə etiraz etdi

Cəmiyyət Materials 16 Mart 2022 18:05 (UTC +04:00)
Həyat yoldaşını öldürən polisin vəkili məhkəməyə etiraz etdi
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Samir Əli - Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində polis bölməsində həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən polis əməkdaşı İsmayıl Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Trend-in məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili bildirib ki, verilmiş vəsatətlərin biri təmin olunmayıb: "Digər vəsatətimizdə Daxili İşlər Nazirliyinin cavabdeh kimi göstərilməsi təmin edilmədi. Bu da bizim mənafeyimizə ziddir. Ona görə də məhkəmə tərkibinə etiraz edirik".

Dövlət ittihamçısı bildirib ki, vəkilin məhkəmə tərkibinə etiraz etməklə bağlı vəsatəti təmin edilməsin.

Məhkəmə vəsatəti təmin etməyib.

Daha sonra vəkil təqsirləndirilən şəxs İsmayıl Məmmədovun hadisə zamanı anlaqsız vəziyyətdə olması barədə arayışı məhkəməyə təqdim edib. Vəkil bildirib ki, İsmayıl Məmmədov Xanım Məmmədovanı deyil, özünü öldürmək istəyib: "İsmayıl ikinci atəşdən sonra şok keçirib və barmağı ilişib tətikdə qalıb. O, əvvəlcədən də Xanım Məmmədovaya yalvarıb ki, polisə gəlməsin, özünü öldürəcək. Şahid ifadələrindən də görünür ki, İsmayıl anlaqsız vəziyyətdə olub".

Dövlət ittihamçısı isə bildirib ki, məhkəmə-tibb ekspertizası hadisə törədilərkən İsmayıl Məmmədovun anlaqlı vəziyyətdə olması barədə rəy verib. Ona görə də şahid ifadələri və hər hansısa bir arayış sübut kimi təqdim edilə bilməz.

Proses martın 29-da davam edəcək.

Qeyd edək ki, hadisə bu il sentyabrın 30-da Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsində qeydə alınıb.

Belə ki, Xanım Məmmədova əri, Nizami Rayon Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşı, polis nəfəri İsmayıl Məmmədov tərəfindən qətlə yetirilib.

İstintaqla müəyyən edilib ki, İsmayıl Məmmədov xidmətdə olarkən həmin vaxt 24-cü Polis Şöbəsinin inzibati binasında arvadı Xanım Məmmədovanı onun tərəfindən döyülməsi ilə əlaqədar müraciəti əsasında aparılan araşdırma gedişində izahatı alınarkən azyaşlı övladlarının gözü qarşısında üzərində gəzdirdiyi xidməti silahla 15 dəfə atəş açaraq qəsdən öldürüb.

İş üzrə toplanan kifayət qədər sübutlar əsasında İsmayıl Məmmədova Cinayət Məcəlləsinin 120.2.3 (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürmə), 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddələri ilə ittiham elan edilmiş və barəsində həbs qətimkan tədbiri seçilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti