...

Yurdumuza bahar gəlir (FOTO)

Cəmiyyət Materials 17 Mart 2022 17:40 (UTC +04:00)
Yurdumuza bahar gəlir (FOTO)

Bakı. Trend:

Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının və 98 saylı tam orta məktəbin birgə təşkilatçılığı ilə Novruz bayramına həsr olunmuş tədbir keçirilib

Martın 17-də Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının və Xətai rayonunda yerləşən 98 saylı tam orta məktəbin birgə təşkilatçılığı ilə Novruz bayramı münasibətilə tədbir keçirilib.

98 saylı tam orta məktəbdə keçirilən tədbirdə çıxış edən məktəbin direktoru Bahar Məmmədova öncə iştirakçıları qarşıdan gələn birlik, həmrəylik, bərəkət bayramı olan Novruz münasibətilə təbrik edib. Bildirib ki, Novruz Azərbaycanın ən sevimli bayramlarından biridir: “Bu bayram təkcə onu qeyd edən türk xalqlarının deyil, ümumilikdə bəşəriyyətin mənəvi dəyəri hesab edilir. Kökləri İslamdan əvvəlki tarixi dövrə gedib çıxan Novruz bayramı Azərbaycanla yanaşı, bütün Şərqdə qeyd olunur. Novruz bayramı əsasən müsəlman ölkələrində qeyd olunsa da, dini bayram deyil. Bu bayramda təbiətin yenilənməsini, torpağın oyanışını simvolizə edən yazın gəlişi qarşılanır. Yaşı bilinməyən, əsrləri arxada qoyaraq bugünümüzə qədər gələn Novruzun atributlarının olduğu kimi qorunması, ulularımızdan ərmağan, dildən-dilə yaşadılan el mahnıları, bənzətmələri, oxşamaları, bayatıları, xalqımızın mənəvi zənginliyini göstərən sərvətlərimizdəndir”.

Direktor B.Məmmədova onu da əlavə edib ki, qışın öz yerini sonrakı fəslə, bahara verməsini bildirən əlamətlərin çərşənbələrlə qeyd olunması özü də xalqımızın mənəvi dəyərlərinə sadiqliyinin nümunəsidir.

Çıxış edən YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə 98 saylı tam orta məktəbin müəllim və şagird kollektivini Novruz bayramı münasibətilə təbrik edib və bayramı qalibiyyət ruhunda qeyd etməyimizdən məmnunluğunu bildirib: “Tarixi Zəfərimiz 30 ilin işğalına, soydaşlarımızın torpaq həsrətinə son qoymaqla yanaşı, bu ərazilərimizə əbədi bahar gətirdi.”

V.Rəhimzadə vurğulayıb ki, şanlı Qələbəmizə qədər keçirdiyimiz bayramlarda hər birimizin qəlbindən bir istək, bir arzu keçir, dilimizdə eyni dualar səslənirdi: “Bu, işğal altında olan torpaqlarımızın düşmən tapdağından azad edilməsi, bu torpaqlarda bayram tonqallarının alovlandırılması idi. Bu arzular, dualar ifadə ediləndə içimizdə belə bir əminlik var idi ki, dövlətimizin uğurlu siyasəti, xalqımızın məğrurluğu, yenilməzliyi, birliyimiz, həmrəyliyimiz sayəsində torpaqlarımız tarixi sahibinə qayıdacaq, Qarabağımız toy-büsatlı olacaq, hər daşı, qayası artıq erməni vəhşiliklərinə deyil, milli-mənəvi dəyərlərimizin, tariximizin, ədəbiyyatımızın qorunmasına və yaşadılmasına şahidlik edəcək. “Xarıbülübül” musiqi festivalı, Vaqif Poeziya Günləri ənənəsi bərpa ediləcək, Şuşamızdan, Cıdır düzündən səslənəcəyi muğamımızın, əks-sədası dünyaya yayılacaq. Bu arzumuz da reallığa çevrildi. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən, hər bir vədini konkret əməli işində təsdiqləyən dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, 2003-cü ildən 2020-ci ilədək olan dövr torpaqlarımızın işğaldan azad edilməsinə hazırlıq dövrü kimi xarakterizə olunur. Gücləndik, qüdrətləndik, döyüş ruhumuzu möhkəmləndirdik və 44 gündə 30 ilin işğalına son qoyduq. Qalibiyyətimiz bizə yeni-yeni hədəflərə doğru inamla addımlamağa əsas verir.”

YAP Xətai rayon təşkilatının sədri bildirib ki, bu gün Novruz sevincimizə Zəfər sevincimiz qatılıb: “Tədbir iştirakçılarının xoş əhval-ruhiyyəsindən, məktəblilərimizin yüksək fəallığından da bu sevinc aydın görünür. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan xalqına ancaq qələbə yaraşır”.

Vüqar Rəhimzadə bildirib ki, Qarabağlı və Şərqi Zəngəzurlu Azərbaycan bu günlər Novruz tonqallarının işğaldan azad edilmiş torpaqlarımızda alovlandırılmasından qürurludur.

Xalqımızın qədim tarixini əks etdirən, milli adət-ənənələrimizi özündə birləşdirən Novruz bayramının tarixindən, Su, Od, Yel və Torpaq çərşənbələrinin mahiyyətindən, Novruz atributlarından bəhs edən YAP Xətai rayon təşkilatının sədri şagirdlərə bu çağırışı edib ki, milli-mənəvi dəyərlərimizi qoruyaq, tariximizi öyrənək, adət-ənənələrimizin, dəyərlərimizin gələcək nəsillərə ötürülməsinə öz töhfələrimizi verək.

Daha sonra şagirdlərin iştirakı ilə Novruz adət-ənənələrini əks etdirən ədəbi-bədii kompozisiya nümayiş olunub. Bayram şənliyində Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” operettasından səhnəciklər nümayiş olunub, şagirdlər baharın təravətli nəfəsini özü ilə gətirən Novruz bayramına aid mahnılar ifa edib, şeirlər səsləndiriblər. Şagirdlərin ifasında milli rəqslər, xalq oyunları, Keçəl və Kosanın məzəli əhvalatları, Bahar qızın gəlişi tədbirə xüsusi rəngarənglik, şən əhval-ruhiyyə qatıb.

Tədbirin sonunda 98 saylı tam orta məktəbin fəal müəllim və şagirdlərinə Fəxri fərman təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti