...

Xətai rayonunda sakinlərlə növbəti səyyar görüş keçirilib (FOTO)

Cəmiyyət Materials 14 Aprel 2022 20:01 (UTC +04:00)
Xətai rayonunda sakinlərlə növbəti səyyar görüş keçirilib (FOTO)

Bakı. Trend:

Xətai Rayon İcra Hakimiyyəti başçısının və aparatın rəhbər işçilərinin keçirdikləri şifahi qəbullarla yanaşı mövcud problemləri yerindəcə öyrənib həllini sürətləndirmək məqsədilə səyyar görüşlərin keçirilməsi davam edir.

Aprelin 14-də 260 saylı tam orta məktəbdə keçirilən görüşdə Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, hüquq-mühafizə orqanlarının və xidmət idarələrinin rəhbər işçiləri iştirak ediblər.

Qəbulda çıxış edən icra başçısı başçısı Rafiq Quluyev cənab Prezidentin müdrik səyləri ilə həyata keçirilən uğurlu daxili və xarici siyasətin bəhrələrini sadalayaraq əldə olunan uğurların xalqımızın ən ümdə arzularının gerçəklənməsinə, hər bir Azərbaycan vətəndaşının xoş rifahına xidmət etdiyini diqqətə çatdırıb. İcra başçısı 44 günlük Vətən müharibəsində Prezident İlham Əliyevin Ali Baş Komandanlığı ilə müzəffər Ordumuzun düşməni məhv edərək torpaqlarımızı işğaldan azad etməsinin və azad olunmuş ərazilərdə başlanmış nəhəng quruculuq işlərinin də məhz bu uğurlu siyasi kursun bəhrəsi olduğunu xüsusi vurğulayıb.

YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə çıxış edərək bildirib ki, bu gün ölkəmizin hər bir bölgəsində, o cümlədən Xətai rayonunda geniş tikinti, abadlıq-quruculuq işləri həyata keçirilir. Rayon ərazisində yeni sosial infrastrukturun yaradılması, sosial layihələrin həyata keçirilməsi sakinlərin həyat səviyyəsinin yüksəldilməsinə xidmət edir: “Ölkəmizin hər bir regionunda insanların rahatlığının təmin olunması, sahibkarlığın inkişafı üçün vacib olan bütün zəruri işlər görülür. Vətəndaş məmnunluğunun artırılması üçün dövlət zəruri olan bütün addımları atır. Prezident İlham Əliyevin əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində cari ildə imzaladığı Fərman və Sərəncamlar da hər bir ailəni əhatə edir”.

Səyyar qəbulda sakinlərin arzu və təkliflər dinlənilib, səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib. Həlli vaxt tələb edən məsələlər nəzarətə götürülməklə həlli ilə bağlı aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

Görüş sakinlər tərəfindən razılıqla qarşılanıb. Sakinlər əvvəlki qəbullar zamanı qaldırdıqları məsələlərin həlli ilə bağlı görülən işləri də yüksək qiymətləndiriblər, ölkə Prezidenti İlham Əliyevə minnətdarlıq ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti