...

Vahid əlaqələndirmə mərkəzləri üzrə 110 mindən çox müraciətə baxılıb

Cəmiyyət Materials 21 Aprel 2022 15:25 (UTC +04:00)
Vahid əlaqələndirmə mərkəzləri üzrə 110 mindən çox müraciətə baxılıb

Bakı. Trend:

Vahid əlaqələndirmə mərkəzləri üzrə cavablandırılan müraciət sayı 110 mini ötüb. Mərkəzlərdə şəhid ailələri üzvləri, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçular və müharibə əlillərindən ibarət 28 712 şəxsə xidmətlər göstərilib. Çağrı Mərkəzi 142 tərəfindən isə vahid əlaqələndirmə mərkəzləri ilə bağlı məsələlər üzrə 83 632 vətəndaş müraciəti cavablandırılıb.

Müraciətlərin 96 514-ü Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, 12439-u Müdafiə Nazirliyi, 757-si Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, 619-u Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, 1 437-i Dövlət Sığorta Kommersiya Şirkəti, 578-i isə yerli icra hakimiyyətləri ilə bağlı olub.

Hazırda Bakı şəhərində və Abşeron rayonundakı DOST mərkəzlərində, həmçinin Gəncə şəhəri, Masallı və Ucar rayonlarında regional vahid əlaqələndirmə mərkəzləri fəaliyyət göstərir və bu mərkəzlərdə 39 qurum (6 mərkəzi və 33 yerli icra hakimiyyəti orqanı) tərəfindən 26 istiqamət üzrə xidmətlər göstərilir.

Bu xidmətlərə əmək, məşğulluq, sosial müdafiə, tibbi-sosial ekspertiza, reabilitasiya, müalicə, müayinə, eləcə də digər sahələrə dair xidmətlər daxildir. Hazırda respublikamızın digər bölgələrində də vahid əlaqələndirmə mərkəzlərinin açılması istiqamətində işlər aparılır.

Qeyd edək ki, Prezident İlham Əliyevin 25 iyun 2021-ci il tarixli Fərmanı ilə yaradılan Vahid əlaqələndirmə mərkəzlərinin yaradılmasında məqsəd adıçəkilən şəxslərin əlavə xərclərinin və vaxt itkisinin qarşısını almaq, onlara göstərilən xidmət səviyyəsini yüksəltmək, xidmətlərin əlçatanlığını, rahatlığını təmin etmək, həmçinin korrupsiyaya qarşı mübarizəni gücləndirməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti