...

İlahiyyat İnstitutu Cəlilabadda abituriyentlərlə görüş təşkil edib (FOTO)

Cəmiyyət Materials 26 Aprel 2022 11:25 (UTC +04:00)
İlahiyyat İnstitutu Cəlilabadda abituriyentlərlə görüş təşkil edib (FOTO)

Bakı. Trend:

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) 2022-2023-cü tədris ili üzrə ali təhsil müəssisəsinə yüksəkintellektli və savadlı gənclərin cəlb olunmaları məqsədilə respublikanın bir sıra bölgələrində yerləşən orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri üçün maarifləndirici xarakterli məlumatlandırma tədbirlərinə başlayıb. İnstitut heyətinin növbəti səfəri Cəlilabad rayonuna olub.

Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının müavini Elnarə Həsənova tədbiri giriş sözü ilə açaraq qeyd edib ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə təhsil sisteminin inkişafı ilə bağlı aparılan islahatlar dövlətin həyata keçirdiyi sosial siyasətin başlıca istiqamətlərindən birini təşkil edir. O, Aİİ-nin yeni binasının açılış mərasiminə diqqət çəkərək bildirib ki, respublikamızın təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində mühüm işlər görülüb və proses hazırda da davam edir. Bu sahədə həyata keçirilən genişmiqyaslı tədbirlər ölkəmizdə savadlı, istedadlı gənc nəslin yetişməsinə, təhsilin böyük nailiyyətlər qazanmasına gətirib çıxarır.

Aİİ-nin Elm və innovasiyalar üzrə prorektoru Mirniyaz Mürsəlov ölkəmizdə din sahəsinə, milli-mənəvi dəyərlərin qorunmasına böyük önəm verildiyini diqqətə çatdırıb. M.Mürsəlov Prezident İlham Əliyevin 9 fevral 2018-ci il tarixli Sərəncamına əsasən Azərbaycan İlahiyyat İnstitutunun yaradılmasını, eyni zamanda, ali təhsil müəssisəsinin yeni binasının açılış mərasimində ölkə başçısının şəxsən iştirakını buna bariz nümunə kimi göstərib. Nəzərə çatdırıb ki, İnstitutun yeni binasında tələbələr üçün lazımi şərait yaradılıb.

Prorektor ali təhsil müəssisəsinin məqsəd və hədəfləri haqqında da ətraflı məlumat verib. M.Mürsəlov bildirib ki, Aİİ-yə qəbul olunmuş hər abituriyent dövlətin qayğı və diqqəti ilə yaradılmış lazımi şəraitdən, ödənişsiz təhsil və digər imtiyazlardan tam yararlanacaq.

İlahiyyat İnstitutu Dinşünaslıq kafedrasının müdiri Anar Qafarov tələbələrin daha yaxşı təhsil almaları üçün ali təhsil müəssisəsində yaradılan şəraitdən söhbət açıb. Anar Qafarov, həmçinin tədris prosesi, keçirilən fənlər haqqında məlumat verib. Qeyd edib ki, İnstitut kollektivi gənclərin zəngindünyagörüşlü, dərin dini və dünyəvi biliklərə yiyələnən bacarıqlı kadrlar kimi yetişmələri istiqamətində səylə çalışır.

Aİİ Magistratura və doktorantura şöbəsinin müdiri Fidan Yusifova təqdimatla çıxış edərək, ali təhsil müəssisəsinə qəbul prosesinin hansı formada təşkil olunduğu, həmçinin mövcud ixtisaslar haqqında geniş məlumat verib. O, müəssisənin fəaliyyəti, səfərləri, tələbələr üçün təşkil edilən yay və qış məktəbləri barədə danışıb.

Tədbirdə abituriyentlərə, orta məktəb müəllimlərinə, aidiyyəti dövlət qurumlarının nüməyəndələrinə Aİİ-nin tanıtım videoçarxı, ictimai fəaliyyətini əks etdirən materiallar nümayiş etdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti