...

Erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edən tədbir keçirilib (FOTO)

Cəmiyyət Materials 26 Aprel 2022 15:01 (UTC +04:00)
Erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edən tədbir keçirilib (FOTO)

Bakı. Trend:

2022-ci il 22 aprel tarixində Əqli Mülkiyyət Agentliyi və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə 23 Aprel - “Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü” münasibətilə “Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya azərbaycan torpaqlarına hay-erməni iddialarının davam etdirilməsi haqqında” mövzusunda vebinar keçirilib.

Agentlikdən Trend-ə verilən məlumata görə, UNESCO-nun Baş konfransının 1995-ci il 25 oktyabr – 16 noyabr tarixlərində Paris şəhərində keçirilən 28-ci sessiyasında qəbul edilmiş Qərara əsasən, 23 aprel Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü kimi təsis edilib və hər ilin 23 aprel tarixində bütün dünyada təntənəli şəkildə qeyd olunur.

Belə ki, 23 aprel - Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü ölkəmizdə 1997-ci ildən başlayaraq təntənəli şəkildə qeyd olunur. Bununla əlaqədar, hər il Əqli Mülkiyyət Agentliyi tərəfindən silsilə tədbirlər, o cümlədən milli və beynəlxalq konfranslar təşkil olunur, müəlliflər və hüquq sahibləri ilə görüşlər keçirilir, müəlliflik hüququna hörmətin aşılanması məqsədilə kitab sərgiləri təşkil olunur, belə sərgilərdə görkəmli müəlliflərin əsərləri, eləcə də Agentliyin nəşr etdirdiyi müxtəlif materiallar nümayiş etdirilir.

Son illər ənənəvi olaraq, ölkəmizdə Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunan konfranslar “Qədim mətnlər və klassik mənbələr erməniçilik uydurmalarını ifşa edir” devizi altında keçirilmişdir. Görkəmli alimlərin, mütəxəssislərin qatıldığı belə tədbirlərdə qədim mətnlər, tarixi mənbələr, faktlar əsasında erməni saxtakarlıqları və plagiatı ifşa edilir.

Erməni saxtakarlıqlarının və plagiatının ifşa edilməsi Agentliyin fəaliyyətində həmişə prioritet istiqamət kimi saxlanılır. Azərbaycan xalqına məxsus olan müəllif əsərlərinin, ənənəvi mədəni (folklor) nümunələrin, ənənəvi biliklərinin və digər qeyri-maddi mədəni irs nümunələrinin əsrlər boyu ermənilər tərəfindən oğurlanması, mənimsənilməsi və saxtalaşdırılaraq erməni nümunələri kimi təqdim olunması hallarına qarşı mütəmadi olaraq tədbirlər görülür.

Cari ilin 22 aprel tarixində də Əqli Mülkiyyət Agentliyi və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə “Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya Azərbaycan torpaqlarına hay-erməni iddialarının davam etdirilməsi haqqında” mövzusunda konfrans-vebinar keçirilib.

Tədbirin aktuallığını diqtə edən amil əsrlər boyu davam edən, ildən-ilə artan və yeni dövrün elmi-texniki nailiyyətlərindən istifadə etməklə hazırkı günümüzdə daha geniş vüsət alan, qonşu xalqların, ilk növbədə Azərbaycan xalqının torpağına, mədəni irsinə və tarixinə yönlənmiş təcavüzkar erməni saxtakarlığı fenomeninin və erməni mifologiyasının ifşa edilməsidir.

Vebinarda Azərbaycan Respublikasının dövlət orqanlarının rəsmiləri, millət vəkilləri, elm və təhsil müəssisələrinin əməkdaşları, sahə üzrə ekspertlər və digər şəxslər onlayn rejimdə qoşularaq iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov “Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü” münasibətilə hər il keçirilən konfransların hay-erməni saxtakarlıqlarını və uydurmalarını qədim mətnlərə və klassik mənbələrə söykənərək ifşa edilməsi məqsədini daşıdığını qeyd edərək bu vebinarın da erməni mifomaniyasını tarixi sübutlarla, elmi dəlillərlə və danılmaz faktlarla ifşa etmək missiyasının davamı olduğunu bildirib.

Vebinarın giriş hissəsində mədəniyyət naziri Anar Kərimov və digərləri də çıxış edərək tədbirin əhəmiyyətini vurğulayıblar.

Sonra professor Kamran İmanovun “Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya Azərbaycan torpaqlarına hay-erməni iddialarının davam etdirilməsi haqqında”, AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunun baş direktoru, tarix üzrə elmlər doktoru, professor Kərim Şükürovun “Şuşaya dair erməniləşdirmə cəhdləri: tənqidi təhlil”, AMEA-nın Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanovun “Azərbaycan folkloru ilə bağlı erməni saxtakarlığı”, politoloq-tədqiqatçı Fuad Axundovun “Qarabağ və Şərqi Zəngəzurda Azərbaycan irsinin məhv edilməsi indiki Ermənistan ərazisində aparılan çoxəsrlik siyasətin davamı kimi”, Əqli Mülkiyyət Agentliyinin eksperti Elşad Əlilinin “Albaniyanın Uti vilayətinin qədim sakinləri suvar-sabirlər” mövzularında məruzələri dinlənilib.

Müzakirələr zamanı İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev də çıxış edərək müzakirə edilən məsələ ilə bağlı fikirlərini bölüşüblər.

Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanovun giriş sözü və məruzəsi təqdim edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti