...

Ulu öndər Heydər Əliyevin ideyaları əbədidir (FOTO)

Cəmiyyət Materials 5 May 2022 17:28 (UTC +04:00)
Ulu öndər Heydər Əliyevin ideyaları əbədidir (FOTO)

Bakı. Trend:

Xətai Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının birgə təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə bağlı tədbir keçirilib

Mayın 5-də Xətai Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının birgə təşkilatçılığı ilə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə bağlı tədbir keçirilib.

Tədbir iştirakçıları öncə rayonda yerləşən Heydər Əliyev Parkında Ulu Öndərin abidəsi önünə qızılgül dəstələri qoyublar.

Sonra YAP Xətai rayon təşkilatının akt zalında davam edən tədbirdə ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Rayonun hüquq-mühafizə orqanlarının rəhbərlərinin iştirak etdiyi tədbiri giriş sözü ilə açan YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə ulu öndər Heydər Əliyevin dövlətimiz və xalqımız qarşısındakı xidmətlərindən geniş bəhs edib: “Ümummilli Liderin hakimiyyətinin hər iki dövrünə nəzər salsaq dövlətə, xalqa xidmətin nümunəsini görərik. Dövlətinin, xalqının gələcəyini düşünən Lider daim ölkəni irəli aparacaq. Bu reallıq daim önə çəkilir ki, keçmişini unutmayan, bu günü ilə qürur duyan və gələcəyə böyük inamla baxan xalq tarixin sərt sınaqlarından şərəflə çıxacaq və möhtəşəm uğurlara imza atacaq. Azərbaycan xalqı dünyaya bu nümunəni də göstərdi. Belə ki, müstəqilliyimizin bərpasının ilk illərində Azərbaycana səriştəsiz, idarəçilik qabiliyyəti olmayan antimilli ünsürlərin rəhbərlik etməsi ölkədə xaosun, anarxiyanın, özbaşınalıqların, iqtisadi böhranın baş alıb getməsinə, torpaqlarımızın işğalına, vətəndaş qarşıdurmasının yaranmasına və müstəqilliyimizi itirmək təhlükəsini yaşamağımıza səbəb oldu. Belə bir çətin durumda xalq öz xilaskarına üz tutdu. 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycan bütün çətinliklərdən xilas oldu, yeni Azərbaycan yaradıldı, müstəqilliyimizin daimiliyi, sarsılmazlığı təmin edildi.»

Vüqar Rəhimzadə bildirib ki, Azərbaycan dünyaya günəş kimi doğdu: “Ümummilli Liderin “Azərbaycan dünyaya günəş kimi doğacaq” fikri bir çağırış olmaqla yanaşı, eyni zamanda, hədəf, məqsəd idi. Bugünkü gerçəkliklərimiz, eyni zamanda, ulu öndər Heydər Əliyevin vaxtilə söylədiyi bu fikrin də real həyatda təsdiqidir: “Biz bu çətin günləri keçib gedəcəyik, müstəqil Azərbaycan Respublikası dünya birliyində öz layiqli yerini tutacaq, hər bir Azərbaycan vətəndaşı özünün bu müstəqil dövlətə mənsub olduğunu böyük qürur hissi ilə bəyan edəcəkdir.” Ulu öndər Heydər Əliyevin 2003-cü ildə xalqa müraciətində göstərdiyi inam və etimad ünvanı Onun dövlətimiz, xalqımız qarşısındakı xidmətlərinin miqyasının daha da genişlənməsini şərtləndirdi. Belə ki, cənab İlham Əliyevin xalqın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçilməsi Azərbaycanın bugünkü və gələcək uğurlarının təməli oldu. Bu gün harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı qürurludur. 30 ilə yaxın dövrdə işğal altında qalan torpaqlarımız Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun gücü, qüdrəti sayəsində 44 günlük Vətən müharibəsində tarixi Zəfərimizlə azadlığa qovuşdu. Xalqımız hər zaman olduğu kimi, bu gün də öz Liderinə arxalanır, Onun ətrafında dəmir yumruq kimi birləşib.”

YAP Xətai rayon təşkilatının sədri Ümummilli Liderin xidmətləri sırasında hazırda sıralarında 800 minə yaxın üzvü birləşdirən, cəmiyyətin avanqard qüvvəsi olan Yeni Azərbaycan Partiyasının yaradılmasını qeyd edib: “Azərbaycanın müstəqilliyinin yenidən bərpasından sonrakı dövrə bələdçilik edən YAP daim dövlətə, xalqa xidməti fəaliyyətinin əsası kimi qəbul edib. 1993-cü ildə ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə partiyanın da həyatında yeni mərhələ başladı. YAP Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edir. Tarixi Zəfərimizin reallıqları partiyada da yeniliklərə, təkmilləşməyə yol açdı. YAP monolit partiya olaraq daim qarşısına qoyduğu vəzifələrin uğurlu icrası istiqamətində səylər göstərir. Ulu öndər Heydər Əliyevin qeyd etdiyi kimi, Yeni Azərbaycan Partiyası dünənin, bugünün və gələcəyin partiyasıdır.”

Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev ulu öndər Heydər Əliyevin hakimiyyətinin birinci dövründə bugünümüz üçün qurulan möhkəm təməldən danışıb: “Bugünkü Azərbaycan məhz həmin dövrdə yaradılan möhkəm təməl üzərində inkişaf edir. Ölkənin hərtərəfli inkişafında iqtisadi amilə verilən önəm ulu öndər Heydər Əliyevin hakimiyyətinin hər iki dövrünün səciyyəvi xüsusiyyətidir. Birinci hakimiyyəti dövründə ölkəmizi geridə qalmış respublikadan çiçəklənən, inkişaf edən bir diyara çevirən dahi şəxsiyyət Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra dünya iqtisadi sisteminə inteqrasiyanın, davamlı inkişafın əsası kimi dəyərləndirilən “Əsrin müqaviləsi”nin imzalanmasına nail olmaqla ölkəmizin qarşısında geniş imkanlar açdı.»

Rafiq Quluyev tarixi Zəfərimizdən bəhs edərək bu uğurumuzda Azərbaycan gənclərinin torpaq, Vətən sevgisinin əsas amillərdən biri olduğunu bildirib. Ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev daim çıxışlarında bu məqamı xüsusi vurğulayır ki, gənclərimiz milli ruhda tərbiyə olunmalı, dövlət maraqlarını hər şeydən üstün tutmalıdırlar. 44 günlük İkinci Qarabağ müharibəsində şanlı Qələbəmiz Heydər Əliyev siyasətinin təntənəsidir.

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının Nəzarət-Təftiş Komissiyasının üzvü, Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti Sadiq Qurbanov çıxış edərək bildirib ki, bu auditoriya qarşısında qalib xalqın nümayəndəsi, YAP-ın üzvü, ən nəhayət bir azərbaycanlı kimi çıxış etdiyim üçün qürur hissi keçirirəm: “Biz ulu öndər Heydər Əliyev haqqında nə qədər istəsən danışa bilərik. Çünki Onun fəaliyyəti çoxşaxəlidir. Ümummilli Lider zamana sığmayan bir Lider idi. Hər insan doğulduğu gündən ta dünyasını dəyişənə qədər zamanın hökmünün diktəsinə məhkumdur. Dünən Sovetlər Birliyi idi və biz o şərtlər altında yaşayırdıq. Bu gün demokratik, azad ölkəyik və indi bu şərtlər altında yaşayırıq. Yəni, zamanın hökmü bizi idarə edir. Tarixdə elə şəxsiyyətlər olub və bu gün də var ki, zamanın diktəsinə deyil, zamana diktə etməyi bacarır. Dünya tarixində məhz belə liderlərdən biri ulu öndər Heydər Əliyev idi.”

Komitə sədri vurğulayıb ki, ümummilli lider Heydər Əliyev müasir Azərbaycanın qurulması üçün ideologiyanın banisidir, rəhbəridir: “Bu, azərbaycançılıq ideologiyasıdır.” Natiq qeyd edib ki, ideologiya hər bir cəmiyyətin aparıcı qüvvəsi olmalıdır və ideologiyasız dövlət, ideologiyasız xalq mümkün deyil. Biz 44 gün ərzində son iki yüz ildə ilk dəfə böyük bir tarixi Zəfərə imza atdıq. Bilirsiniz nə üçün? Çünki xalq özünə qayıtdı. Xalq öz milli ideologiyasını, özünü tapdı.”

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin İntizam komissiyasının sədri, professor Eldar İbrahimov deyib: “Ulu Öndər Heydər Əliyevin Azərbaycan tarixində yeri və rolu uzun müddət müzakirə ediləcək. Çünki Heydər Əliyevin xalqımız qarşısında xidmətləri o qədər böyük və zəngindir ki, bu, zaman-zaman tədqiqatlar mövzusu olacaq. Ümummilli Liderimizin fəaliyyəti Azərbaycanın dünəni, bu günü və gələcəyinə hesablanmış fəaliyyətdir. Ulu Öndərimiz keçmişə istinad edərək bugünümüzü necə qurmağı və gələcəyimiz üçün hansı işlər görülməsinin nümunəsini bizə göstərdi. Hesab edirəm ki, bu, hər bir millətin inkişafında əsas şərtlərdən biridir.

E.İbrahimov qeyd edib ki, ümummilli liderimiz Heydər Əliyev həmişə Azərbaycan xalqının mənafeyini düşünən bir öndər olub, bu istiqamətdə apardığı ardıcıl və məqsədyönlü siyasət Onun bütün fəaliyyətinin əsasını təşkil edib: “Bu gün Azərbaycanda həyata keçirilən böyük tədbirlər məhz Heydər Əliyevin ölməz ideyalarının həmişəyaşar, əbədi olduğunu bir daha sübut edir. Ulu Öndərimizin uzaqgörənliyi, müdrikliyi və fədakarlığı bu dahi şəxsiyyəti təkcə Azərbaycan xalqının deyil, bütün dünya azərbaycanlılarının liderliyinə yüksəldib, ömür yolu isə Vətənə xidmətin parlaq nümunəsinə çevrilib.

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Mixail Zabelin bildirib ki, fəaliyyətimin mühüm bir dövrü görkəmli siyasi və dövlət xadimi, ümummilli lider Heydər Əliyevlə bağlı olub: “Ulu öndər Heydər Əliyev Azərbaycan KP MK-nın Birinci katibi işləyərkən onun rəhbərliyi altında çalışmış, o cümlədən Birinci katibin referenti vəzifəsində işləmişəm.”

Millət vəkili ulu öndər Heydər Əliyevin Azərbaycanın bugünü və gələcəyi ilə bağlı gördüyü işlərdən geniş bəhs edərək vuğulayıb ki, onun idarəçilik təcrübəsi, siyasi iradəsi, bacarığı, liderlik keyfiyyətləri hər bir çətinliyin öhdəsindən uğurla gəlməsini şərtləndirdi. Bu gün həmin qətiyyəti, siyasi iradəni dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev nümayiş etdirir. 44 günlük İkinci Qarabağ müharibəsində 30 ilin işğalına son qoymaq böyük şücaətin, qəhrəmanlığın, Prezident İlham Əliyevin qətiyyətinin, Azərbaycan Ordusunun gücünün, qüdrətinin nəticəsidir.

AMEA-nın Akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun baş direktoru, akademik Vaqif Abbasov çıxış edərək bildirib ki, ulu öndər Heydər Əliyev azərbaycançılığı və dövlətçiliyi milli ideologiyanın iki ən əsas tərəfi kimi qiymətləndirirdi. V.Abbasov Ulu Öndərin azərbaycançılıq ideyasının formalaşmasında misilsiz xidmətlərindən danışıb: “Azərbaycan dili ölməz olduğu qədər də yaşayan, inkişaf etməli dildir. Ulu Öndər Heydər Əliyev 1978-ci ildə Azərbaycan dilini qorumaq yox, ona yaşamaq, inkişaf statusu verdi. Ulu öndər Heydər Əliyev 1997-ci il aprelin 20-də “Kitabi-Dədə Qorqud”un 1300 illik yubileyinin keçirilməsi ilə əlaqədar Fərman imzaladı.

Ümummilli lider Heydər Əliyev 15 iyun 1993-cü ildə yenidən siyasi hakimiyyətə qayıdışından sonra dünyanın müxtəlif ölkələrinə səpələnmiş soydaşlarımızın vahid ideologiya, milli-mənəvi dəyərlər ətrafında birləşməsinə, onların potensialının milli problemlərin həllinə yönəldilməsinə xidmət edən bir sıra tədbirlər həyata keçirdi. Dünya Azərbaycanlılarının ilk qurultayı “Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 may 2001-ci il tarixli 724 nömrəli Sərəncamına əsasən 2001-ci il noyabrın 9-10-da Bakıda keçirilmişdi. Dünya Azərbaycanlılarının I Qurultayında 36 xarici dövlətdə yaşayan həmvətənlərimizin cəmləşdiyi 200-dən çox müxtəlif təşkilatı təmsil etməklə, 406 nümayəndə və 63 qonaq iştirak etmişdi. Dünya Azərbaycalılarının V Qurultayı - Zəfər Qurultayı Şuşada keçirildi. Bu Zəfər Qurultayına 65 ölkədən 400-ə qədər insan gəldi. Onlar Azərbaycanı dünyada təmsil edən şəxslər idi. Əminliklə deyə bilərik ki, ulu öndər Heydər Əliyev siyasətinin layiqli davamçısı Prezident İlham Əliyevin məqsədyönlü fəaliyyəti, liderliyi, milli maraqlarımızı qətiyyətlə müdafiə etməsi, düşünülmüş və qətiyyətli siyasəti bu reallığı mümkün etdi.”

Tədbirdə çıxış edən Vətən müharibəsi şəhidi Kəmaləddin Məmmədzadənin bacısı Ülkər Məmmədzadə bildirib ki, ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edən Yeni Azərbaycan Partiyasının üzvü olmaq hər birimiz üçün böyük fəxrdir. Bugünkü Azərbaycan Heydər Əliyev siyasətinin təntənəsidir.

Tədbirdə Xətai rayon orta ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilən və ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan inşa yazı müsabiqəsinin, mini-futbol, şahmat turnirinin qaliblərinə diplomlar verilib.

Müsabiqələrin təşkilində fəal iştirakına görə Heydər Əliyev adına liseyin direktoru Sevinc Orucovaya YAP Xətai rayon təşkilatının Fəxri diplomu, partiya sıralarına yeni daxil olanlara YAP-ın üzvlük vəsiqəsi təqdim edilib.

Sonda ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti