Bakı. Trend:
Taxıl sahəsi, otluq və meşəlik ərazilərdə yanğınlar daha çox yayda baş verir.
Bunu Trend-ə açıqlamasında təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev deyib.
Onun sözlərinə görə, belə yanğınların böyük əksəriyyətində fiziki olaraq insan amili dayanır.
"Bu yanğınlar böyük faciələrə səbəb ola bilər. Meşələrdə istirahət edən vətəndaşlar bəzən yandırdıqları ocağı söndürmürlər. Bütün bu hallara qarşı konsepsiya olmalıdır. Mövsüm ərəfəsində meşə, otlaq və taxıl zəmilərinin ətrafında yaşayan sakinlərə yanğından təhlükəsizlik qaydaları izah edilməlidir. Yanğının baş verməməsinə və yaxud baş verərsə, müvafiq qurumlar və sakinlər buna hazır olmalıdırlar", - o deyib.
Ekspert qeyd edib ki, belə ərazilərdə oddan istifadə yolverilməzdir: "Ocaq qalanarsa, onun söndüyünə tam əmin olmaq lazımdır. Bəzən olur ki, davamlı günəş şüalarının təsirindən istifadə etdiyimiz şüşə butulkadan, şüşə qırıntısından yanğın törəyir. Bu halların baş verməməsi üçün qeyd edilən yerlərin təmizliyinə də diqqət yetirilməlidir.
Taxıl zəmilərində əsasən sahədən keçən elektrik xətləri yanğına səbəb olur. Sahələrdən keçən elektrik xətlərinin sazlığı daim diqqət mərkəzində saxlanılmalıdır. Taxıl və meşə sahələrinin söndürülməsi çox çətindir. Çünki belə ərazilərin coğrafi relyefi çətin olur və bu, yanğınsöndürənlərin, eləcə də texnikanın hərəkətini məhdudlaşdırır".