...

Dövlət Komitəsində “Qarabağ Azərbaycandır!” kitabının təqdimatı olub (FOTO)

Cəmiyyət Materials 5 İyul 2022 19:08 (UTC +04:00)
Dövlət Komitəsində “Qarabağ Azərbaycandır!” kitabının təqdimatı olub (FOTO)

Bakı. Trend:

Diasporla İş üzrə Dövlət Komitəsində şair-publisist, “Ahıska” qəzetinin və “Türk Birliyi” jurnalının baş redaktoru Rövşən Məmmədoğlunun (İsmayılov) “Qarabağ Azərbaycandır!” şeirlər kitabının təqdimat mərasimi keçirilib.

Komitədən Trend-ə bildirilib ki, tədbirdə Milli Məclisin, Dünya Ahıska Türkləri Birliyinin (DATÜB), Türkiyənin Azərbaycandakı səfirliyinin nümayəndələri və şəhid ailələrinin üzvləri iştirak ediblər.

Əvvəlcə ölkəmizin ərazi bütövlüyü bərpa edilməsi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi yad edilib.

Mərasimi giriş sözü ilə açan müəllif öncə yaradılmasının 20 illiyi münasibətilə Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyini və əməkdaşlarını təbrik edib. Bildirib ki, Vətən müharibəsində əldə olunan parlaq Qələbədən sonra Şuşada olarkən kitabın nəşr olunması qərarına gəlib. Kitabda Qarabağdakı zəfərimizə, Türkiyə-Azərbaycan qardaşlığına və digər mövzulara həsr olunmuş şeirlər daxil edilib.

Qonaqları salamlayan DİDK sədri Fuad Muradov ötən 20 ildə keçilən yola qısaca ekskurs edərək, Azərbaycan diaspor quruculuğu prosesinin əsasının ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu, Vətən müharibəsi dövründə özünün kulminasiya nöqtəsinə çatdığını, Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayında Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin diaspor təşkilatları qarşısında yeni vəzifələr müəyyənləşdirdiyini söyləyib. Komitə sədri qurumun yubiley günündə azad olunmuş Qarabağla bağlı tədbirin keçirilməsindən məmnun olduğunu bildirib: “Özümüzə borc bildik ki, bu əlamətdar tarixi Qarabağdakı N saylı hərbi hissədə əsgər və zabitlərlə də birlikdə qeyd edək. Çünki məhz onların sayəsində “Qarabağ Azərbaycandır!” deyə bilirik”.

Milli Məclis sədrinin müavini Adil Əliyev Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən, Azərbaycan diasporu ilə iş sahəsində dövlət siyasətinin həyata keçirilməsində səmərəli fəaliyyətinə görə təltif olunmuş DİDK sədrini və əməkdaşlarını təbrik edib. Ardınca “Qarabağ Azərbaycandır!” kitabının ərsəyə gəlməsində rolu olan şəxslərə və DATÜB-ə minnətdarlığını ifadə edib. Qeyd edib ki, nəşrin Qazaxıstanda və digər türk dövlətlərində yayılması Azərbaycan həqiqətlərinin təbliği baxımından böyük əhəmiyyət kəsb edir.

Dünyada diasporun gücündən söz açan Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı. Türk Dövlətləri Təşkilatı çərçivəsində diaspor qurumları arasında əməkdaşlığın dərinləşdirilməsinin zəruriliyini nəzərə çatdırıb. Birinci Qarabağ müharibəsi zamanı Türkiyənin ölkəmizə kömək etmək üçün gücünün yetərli olmadığına, amma İkinci Qarabağ müharibəsində bütün gücü ilə Azərbaycanın yanında olduğuna diqqəti cəlb edən diplomat son NATO sammitinin Türkiyənin gücünü bir daha dünyaya göstərdiyini vurğulayıb.

DATÜB-ün baş direktoru Ziyəddin Kassanov bildirib ki, soydaşları Azərbaycan Prezidenti İlham Əliyevin bütün əmrlərini yerinə yetirməyə hazırdır. “Onun qətiyyəti və uzaqgörən siyasəti nəticəsində Azərbaycan işğal altında olan torpaqlarını azad etdi və bu həqiqəti bütün dünyaya qəbul etdirdi. Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında Diaspor Komitəsinin və diaspor təşkilatlarının da mühüm rolu oldu”, - deyə baş direktor əlavə edib.

Tədbir bədii hissə ilə davam edib.

Qeyd edək ki, soydaşımız Rövşən Məmmədoğlu Qazaxıstanda yaşayır. İndiyədək 10 kitabı nəşr edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti