...

Litva Azərbaycana icbari tibbi sığorta sistemini təkmilləşdirməyə kömək edəcək - nazir müavini (MÜSAHİBƏ) ( FOTO)

Cəmiyyət Materials 22 Sentyabr 2022 08:01 (UTC +04:00)
Litva Azərbaycana icbari tibbi sığorta sistemini təkmilləşdirməyə kömək edəcək - nazir müavini (MÜSAHİBƏ) ( FOTO)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Litva Azərbaycana icbari tibbi sığorta sisteminin təkmilləşdirilməsində kömək edəcək.

Bunu Trend-ə özəl müsahibəsində Azərbaycanda səfərdə olan Litvanın səhiyyə nazirinin müavini Auşra Bilotene-Moteyunene deyib.

"Səfərin əsas məqsədi səhiyyə sahəsində əməkdaşlıq sahələrini müəyyən etmək və iki ölkənin bu sahədə bir-birinə necə kömək edə biləcəyinə qərar verməkdir. Səfər zamanı Azərbaycanın səhiyyə naziri Teymur Musayev, Tibb Universitetinin rektoru Gəray Gəraybəyli ilə görüşdük və Erasmus proqramının tətbiqi, tələbə mübadiləsi barədə danışdıq", - deyə nazir müavini bildirib.

Onun sözlərinə görə, xüsusilə səhiyyənin konkret sahələrində əməkdaşlıqla bağlı məsələlər müzakirə olunub.

"Litvada iki tibb universiteti var. Dərslərin ingilis dilində keçirildiyi studiyalar var. Biz tələbə mübadiləsi məsələlərini müzakirə etdik və reabilitasiya və ictimai səhiyyənin yaxşılaşdırılması sahəsində əməkdaşlıq çərçivələrini müəyyən etdik. Bundan əlavə, nazirlikdə ayrı-ayrı klasterlərlə əməkdaşlıq məsələlərini müzakirə etdik.Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) işi ilə də tanış olduq", - deyə Auşra Bilotene-Moteyunene bildirib.

Litva Səhiyyə Nazirliyi yanında Milli Tibbi Sığorta Fondunun direktoru Gintaras Katseviçius da öz növbəsində Litva və Azərbaycanın icbari tibbi sığorta sahəsində birgə həyata keçirdiyi layihə barədə ətraflı danışıb.

"Üç ay əvvəl biz tvinninq layihəsinin reallaşdırılmasına başlamışıq. Bu layihənin tərəfdaşları Litvanın Milli Tibbi Sığorta Fondu, Azərbaycanın İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyidir. Layihənin icra müddəti 2 ildir. Layihənin məqsədi ölkədə icbari tibbi sığorta sisteminin təkmilləşdirilməsidir. Layihə çərçivəsində iki mərhələdə Litvaya səfərlər təşkil olunacaq, Azərbaycanın İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin ayrı-ayrı mütəxəssisləri Litvada təlim keçəcəklər. Bu, Litva və Azərbaycanın bu sahədə ikinci birgə layihəsidir. İlk layihə 2018-ci ildə uğurla başa çatıb. Ümid edirik ki, ikinci layihə də uğurlu olacaq. Azərbaycanda icbari tibbi sığorta yaxşı inkişaf edir və biz də bu prosesə öz töhfəmizi vermək istərdik", - deyə G.Katseviçius bildirib.

Onun sözlərinə görə, hazırda Azərbaycanda icbari tibbi sığorta sisteminin qiymətləndirilməsi aparılır və onun nəticələrinə əsasən hesabat təqdim ediləcək.

"Bu təhlil əsasında biz növbəti addımları planlaşdıracağıq. Layihə icbari tibbi sığorta sahəsində hüquqi bazanın inkişafı, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə tibbi xidmət təminatçıları arasında əlaqələrin inkişaf etdirilməsi, əsasında qərarların qəbul edildiyi hesabatların, statistikanın təkmilləşdirilməsi, tibbi xidmət üçün ödəniş sistemlərinin inkişafı, informasiya sistemlərinin inkişafını əhatə edir. Bu, Estoniya, İtaliya, Fransa da daxil olmaqla Aİ-dən 25 ekspertdən ibarət komandanın işləyəcəyi geniş layihədir", - deyə G.Katseviçius bildirib.

G.Katseviçius qeyd edib ki, reabilitasiya sahəsində əməkdaşlıq üçün böyük perspektivlər var.

"Litvada reabilitasiya sahəsində uzun bir ənənə var. Səhiyyə sistemində islahatlar apardıqdan sonra reabilitasiyanı da icbari tibbi sığorta ilə kompensasiya olunan paketə daxil etdik. Və bu sahədə bir sıra mühüm dəyişikliklər baş verdi. Beləliklə, biz sanatoriya müalicəsini reabilitasiya ilə əvəz etdik, ambulator reabilitasiyanın inkişafını təmin etdik", - deyə o, bildirib.

G.Katseviçius Azərbaycanın səhiyyə sisteminə heyran olduğunu bildirib.

"Bütün vəzifələrdə olan insanlar öz işlərini bilirlər, həvəslidirlər, icbari tibbi sığorta sistemini təkmilləşdirmək istəyi var. Bizim üçün belə tərəfdaşlar idealdır və bu, bizi çox motivasiya edir. Azərbaycanın səhiyyəsinin gələcəyi etibarlı əllərdədir", - deyə Fondun direktoru əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti