Bakı. Trend:
“Azərbaycan Dəmir Yolları” QSC-də Transformasiya Proqramının icrası üzrə Koordinasiya Ofisinin komandası ilə məlumat və təlim sessiyası keçirilib.
QSC-dən Trend-ə bildirilib ki, sessiyada ilk çıxış edən “Azərbaycan Dəmir Yolları” QSC-nin Maliyyə və İqtisadiyyat İdarəsinin Texniki və iqtisadi göstəricilərin normallaşması şöbəsinin rəisi Nigar Qafarlı yeni Əməliyyatların idarəetmə sisteminin üstünlükləri və əlavə kapital сəlb edilmədən əldə olunan nəticələr, tranzit rejimi üzrə yükdaşımaların həcminin artırılması istiqamətində aparılan işlərlə bağlı ətraflı məlumat təqdim edib.
Çıxış zamanı qeyd olunub ki, tranzit həcmini artırmaq üçün əsas dəhlizlər üzrə tranzit tələbatı həcmi müəyyən edilib və modelləşdirmə üsulu ilə qiymətləndirmələr aparılıb. Buna əlavə olaraq, əsas tranzit dəhlizləri üzrə maksimal ötürmə qabiliyyəti haqqında məlumatlar toplanaraq marşrutlar üzrə mövcud maneələrə baxılıb. Narazı yükgöndərənlərlə görüşlər keçirilib.
Nigar Qafarlı bildirib ki, hazırda Gürcüstan Dəmir Yolu ilə, xüsusilə də Poti, Batumi və Axalkalaki stansiyaları, terminallar, həmçinin Əməliyyatların idarəetmə sistemləri (ƏİS) və Orta müddətli Planlanma bloku ilə aktiv şəkildə kommunikasiya aparılır. Batumi istiqamətindəki platformaların Gürcüstan ərazisində yubanması aradan qaldırılıb.
Eyni zamanda, Qazaxıstan Dəmir Yolunun da bu işə cəlb edilməsi və düzgün kommunikasiyanın qurulması üçün danışıqlar aparılır.
Strateji və korporativ inkişaf idarəsinin rəisi Azad Hüseynov sözügedən məsələ ilə bağlı qeyd edib ki, uzunmüddətli tranzit tələbi modelinin aralıq nəticələri, ssenariləri, daşımanın dəyəri və vaxtı nəzərə alınmaqla təhlillər hazırlanıb, həmçinin həcm və EBİTDA göstəricilərinə əsaslanan uzunmüddətli tranzit tələbi ssenariləri formalaşdırılıb. Bundan əlavə konteynerli və konteynersiz yüklər üçün tranzit məhsulunun inkişafına dair tələblər işlənib hazırlanaraq model formalaşdırılıb. Azad Hüseynov daha sonra pilot layihə, onun rolu, əhəmiyyəti və gözlənilən nəticələr barədə məlumatları iştirakçılara çatdırıb.
Daha sonra tədbirdə Cəmiyyətin Yükdaşımalar departamentinin baş mühəndisi İlqar Mustafayev təlim iştirakçılarına konteyner blok qatarlarının daha səmərəli hərəkəti məqsədilə həyata keçirilən pilot layihənin ilkin nəticələri ilə bağlı məlumat verib. Belə ki, Azərbaycan dəmiryolçularının konteyner blok qatarlarının hərəkətinə dair gürcüstanlı həmkarları ilə daha operativ koordinasiyası sayəsində əvvəllər ortaya çıxan bir sıra problemlər artıq öz həllini tapıb. Pilot qatarın işə düşməsindən sonra platformaların dövriyyə müddəti 57 faiz azalıb.
İlqar Mustafayev bildirib ki, yeni sistem istifadəyə verildikdən sonra Ələtdə fitinq platformaların dövriyyə müddəti 25 faiz azalaraq 3 günə çatıb. Bu göstəricini gələcəkdə 3 gündən də az vaxta endirmək əsas məqsədlərdəndir.
Konsultant Dmitri Mokriy da, həmçinin təlim iştirakçılarına pilot layihə barədə ətraflı məlumat verib. Sonda isə əməkdaşların sualları və layihə ilə bağlı təklifləri öyrənilib.