...

ADA Universitetində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşları üçün təlimlər başlayıb (FOTO)

Cəmiyyət Materials 13 Oktyabr 2022 11:45 (UTC +04:00)
ADA Universitetində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşları üçün təlimlər başlayıb (FOTO)

Bakı. Trend:

Oktyabırın 13-ü ADA Universitetinin, Universitetin nəzdində fəaliyyət göstərən İnkişaf və Diplomatiya İnstitutunun və Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin birgə əməkdaşlığı çərçivəsində təlim proqramı başlayıb. ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun İxtisasartırma proqramı tərəfindən həyata keçirilən təlimdə Nazirliyin müxtəlif qurumlarını təmsil edən 180 dövlət qulluqçusu iştirak edir.

Təlimin əsas məqsədi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində fəaliyyət göstərən peşəkarların potensialının gücləndirilməsi və kadrların fəaliyyətində səmərəliliyin artırılmasıdır.

Təlim proqramının 12 oktyabr tarixində baş tutan açılış mərasimində ADA Universitetinin prorektoru və İnkişaf və Diplomatiya İnstitutunun direktoru Dr. Fariz İsmayılzadə, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini Dr. Fərid Əhmədov və eyni qurumun nazir müşaviri Fidan Fərzəliyeva çıxış ediblər. İştirakçılar həmçinin ADA Universitetinin Dövlət, xarici və tələbə işləri üzrə prorektorunun müşaviri, İnkişaf və Diplomatiya İnstitutunun direktor müavini Aygün Hacıyevanın və İnstitutun İxtisasartırma Proqramlarının rəhbəri Nərgiz İsmayılovanın çıxışlarını dinləyiblər.

Dr. Fariz İsmayılzadə çıxışı zamanı ADA Universiteti ilə Nazirlik arasında kadr potensialının artırılması istiqamətində mütəmadi olaraq müzakirələr aparıldığını, birgə əməkdaşlıq çərçivəsində tədqiqat mərkəzləri və laboratoriyaların əsasının qoyulduğunu vurğulayıb. Dr. İsmayılzadə əlavə edib ki, Nazirliklə birgə həyata keçirilən layihələrin və irəli sürülən təşəbbüslərin əsas məqsədi İnformasiya Texnologiyaları sahəsində fəaliyyət göstərəcək və əmək bazarı üçün faydalı olacaq gənc kadrların yetişdirilməsidir.

Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini Dr. Fərid Əhmədov bildirib ki, təhsil və eləcə də mütəmadi qaydada öyrənmək istər dövlət, istərsə də özəl sektorda fəaliyyət göstərən peşəkarların inkişafına fayda verir. Bu baxımdan, həyata keçirilən təlim proqramı vasitəsilə sahəvi biliklərə malik olan iştirakçılar öz bacarıqlarını daha da artıracaq, eyni zamanda ADA Universitetində əldə etdikləri bilik və təcrübəni xüsusilə gənc həmkarları ilə bölüşərək dolayısı ilə onların da bu proqramdan faydalanmasını təmin edəcəklər.

Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müşaviri Fidan Fərzəliyeva kadr potensialının inkişaf etdirilməsi baxımdan zəruri mövzular üzrə təlimlərin təşkil edilməsinin vacib olduğunu diqqətə çatdırıb və qısa zaman ərzində olduqca dolğun məzmuna malik proqramın hazırlanmasına görə İxtisasartırma Proqramlarına minnətdarlığını bildirib.

İnkişaf və Diplomatiya İnstitutunun direktor müavini Aygün Hacıyeva öz çıxışında İnstitutun fəaliyyətindən bəhs edib. Direktor müavini qeyd edib ki, İnstitut aparıcı beyin mərkəzləri ilə yanaşı, dövlət və özəl qurumları təmsil edən peşəkarlarla da əlaqələrini gücləndirir, birgə əməkdaşlıq çərçivəsində yeni proqram və layihələr irəli sürür.

İnstitutun İxtisasartırma Proqramlarının direktoru Nərgiz İsmayılova təqdimatla çıxış edərək təlimin məzmunu və tədris ediləcək mövzular barədə məlumat verib, Nazirlik tərəfindən proqramın icrasına göstərilən dəstəyi yüksək qiymətləndirib. Əlavə edib ki, təlimdə iştirak edən 100-dən çox nazirlik əməkdaşı müxtəlif qruplara bölünəcək və yarım il ərzində 11 mövzunu əhatə edən proqramı bitirdikdən sonra İxtisasartırma Proqramlarının sertifikatını əldə edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti