...

Mingəçevir Dövlət Universitetində Zəfər Gününə həsr olunan konfrans keçirilib (FOTO)

Cəmiyyət Materials 3 Noyabr 2022 22:34 (UTC +04:00)
Mingəçevir Dövlət Universitetində Zəfər Gününə həsr olunan konfrans keçirilib (FOTO)

Bakı. Trend:

2022-ci ilin 3 noyabr tarixində Mingəçevir Dövlət Universitetində (MDU) “8 Noyabr- Zəfər Günü”nə həsr olunan “Azərbaycan tarixinə qızıl hərflərlə həkk olunmuş ümumxalq Zəfəri” mövzusunda elmi-nəzəri konfrans keçirilib. Konfransda şəhid ailələrinin üzvləri, qazilər, MDU-nun akademik və inzibati heyəti, İctimai Nəzarət Şurasının üzvləri, KİV nümayəndələri, tələbə və magistrantlar iştirak edib.

Universitetdən Trend-ə verilən məlumata görə, dövlət himninin səsləndirilməsi ilə başlanan konfransda ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransın açılışında çıxış edən MDU-nun rektoru Şahin Bayramov 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərin ikinci ildönümü münasibətilə iştirakçılara təbriklərini çatdırıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə rəşadətli Azərbaycan Silahlı Qüvvələrinin doğma torpaqlarımızı erməni işğalından azad etdiyini və 30 illik yurd həsrətinə son qoyduğunu bildirən Ş.Bayramov Qarabağ Zəfərini müstəqillik tariximizin ən şanlı səhifələrindən biri olduğunu vurğulayıb. Qeyd edilib ki, şanlı qalibiyyətin qazanılması ilə ümummilli lider Heydər Əliyevin vəsiyyəti yerinə yetirildi. Ulu Öndərin xalqımıza miras qoyduğu müstəqil Azərbaycanın ərazi bütövlüyü təmin olundu və tarixi ədalət bərpa edildi.

Rektor bildirib ki, uzun müddət işğal altında qalmış əzəli torpaqlarımızda hazırda Azərbaycanın üçrəngli bayrağının dalğalanması, erməni vandalizminə məruz qalan ərazilərdə sürətli quruculuq və abadlıq işlərinin həyata keçirilməsi və buranın əsl sahiblərinin doğma yurdlarına qayıtmağa başlaması hər birimizdə böyük qürur hissləri yaradır. Bütün bunlara görə, hər şeydən əvvəl, Vətən uğrunda canından və qanından keçən şəhidlərimizə borclu olduğumuzu bildirən Ş.Bayramov Azərbaycanın xoşbəxt və firavan gələcəyi naminə şəhidlik zirvəsinə ucalan qəhrəman övladların əziz xatirəsinin heç vaxt unudulmayacağını və daim böyük ehtiramla yad ediləcəyini deyib.

Şanlı Qələbənin rəmzinə çevrilən “Dəmir yumruq” ilə Vətən tarixinin qəhrəmanlıq salnaməsinin yazıldığını qeyd edən rektor döyüş meydanlarında misilsiz şücaət göstərən cəsur əsgər və zabitlərin yüksək vətənpərvərlik, mübarizlik, əzmkarlıq və fədakarlıq nümunələrini ortaya qoyduqlarını söyləyib. Tələbələrin vətənpərvərlik ruhunda tərbiyəsində belə örnəklərin təbliğinin önəmindən danışan Ş.Bayramov Qarabağ və tarixi Zəfərlə bağlı həqiqətlərin, igid oğulların göstərdikləri şücaətlərin gənc nəslə çatdırılması baxımından konfransın mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti