...

Qazi Universiteti və MDU tələbələri arasında kibertəhlükəsizliklə bağlı birgə seminar keçirilib (FOTO)

Cəmiyyət Materials 30 Noyabr 2022 13:21 (UTC +04:00)
Qazi Universiteti və MDU tələbələri arasında kibertəhlükəsizliklə bağlı birgə seminar keçirilib (FOTO)

Bakı. Trend:

2022-ci ilin 29 noyabr tarixində Mingəçevir Dövlət Universiteti (MDU) və Türkiyənin Qazi Universitetinin birgə təşkilatçılığı ilə “İnformasiya təhlükəsizliyi günləri” çərçivəsində “Kibertəhlükəsizlik: əsas çağırışlar və müasir texnologiyalar” mövzusunda tələbə elmi-praktik seminarı keçirilib.

“Zoom” platforması üzərindən onlayn formatda təşkil edilən seminarda hər iki universitetin akademik və inzibati heyət üzvləri, tələbə, magistrant və doktorantları iştirak ediblər.

Seminarın açılışında Qazi Universitetinin Texnoloji fakültəsinin Kompüter mühəndisliyi bölümü rəhbəri professor Ayhan Erdem və MDU-nun Mühəndislik fakültəsinin dekan əvəzi dosent Almaz Əliyeva çıxış ediblər. Açılış nitqlərində internet texnologiyalarının geniş yayıldığı və virtual ortamın sürətlə inkişaf etdiyi müasir şəraitdə kibertəhlükəsizliyin önəmi vurğulanıb, bu sahədə tədqiqatların və yüksəkixtisaslı kadr hazırlığının aktual vəzifələrindən bəhs edilib və seminarın əhəmiyyəti diqqətə çatdırılıb.

Sonra, seminarın proqramına uyğun olaraq məruzələr dinlənilib. Qazi Universitetinin tələbələrindən Burak Çayır “Kibertəhlükəsizlik sahəsində monitorinq”, Berk Albayrak “Hücum kəşfiyyatı” və doktorant Egemen Taşkın “Android zərərli proqram təminatının aşkarlanması üçün blokçeyn əsaslı verilənlər bazası və maşın öyrənmə platforması” mövzularında, MDU tələbələrindən isə Aygün Məlikova “Kibertəhlükəsizlik: texnologiyaları, tətbiq sahələri və inkişafı”, Məleykə Mahmudlu “Rəqəmsal imza: imkanları və perspektivləri” və Nihat Xəlilov “Bulud texnologiyalarında istifadə olunan təhlükəsizlik alətləri” mövzularında çıxış ediblər.

Maraqla qarşılanan məruzələr ətrafında müzakirələr aparılıb və iştirakçıların sualları cavablandırılıb.

Qeyd edək ki, dünyada hər il 30 noyabr tarixi Beynəlxalq İnformasiya Təhlükəsizilyi Günü kimi qeyd olunur. Bu münasibətlə, MDU-da “İnformasiya təhlükəsizliyi günləri” çərçivəsində müxtəlif formatlı tədbirlər keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti