...

Füzulidə Qazaxıstan tərəfindən tikiləcək incəsənət məktəbinin təməlqoyma mərasimi keçirilib (FOTO)

Cəmiyyət Materials 7 Mart 2023 15:27 (UTC +04:00)
Füzulidə Qazaxıstan tərəfindən tikiləcək incəsənət məktəbinin təməlqoyma mərasimi keçirilib (FOTO)

Füzuli. Trend:

Bu gün, işğaldan azad edilmiş Füzuli şəhərində Qazaxıstan Respublikası tərəfindən ianə və inşa olunacaq “Kurmanqazı adına Uşaq Yaradıcılığının İnkişafı Mərkəzi”nin təməlqoyma mərasimi keçirilib.

Trend-in Qarabağ bürosu xəbər verir ki, incəsənət məktəbinin yol xəritəsinə uyğun olaraq baş tutan tədbirdə Azərbaycan Respublikası Prezidentinin Qarabağ iqtisadi rayonu üzrə xüsusi nümayəndəsi Emin Hüseynov, Qazaxıstan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Serjan Abdıkarimov, layihəni həyata keçirəcək icraçı şirkət “Bİ-Group” Holdinqin Direktorlar Şurasının sədri Aydın Rahimbayev və digər səlahiyyətli şəxslər iştirak ediblər.

Layihəyə əsasən incəsənət məktəbi Füzuli şəhərində ümumi sahəsi 1,5 ha ərazidə yerləşəcək. Tikili sahəsi 2708 kv.m, 2 mərtəbəli binadan ibarət olacaq məktəbdə hər biri 300 nəfər olmaqla növbəli şəkildə 600 nəfər şagirdin təhsil alması üçün lazımi şəraitin yaradılması nəzərdə tutulub. Burada, şagirdlər üçün xanəndəlik sənəti, xalçaçılıq, heykəltaraşlıq və zərgərlik sənətləri, musiqi və rəssamlıq dərsləri, həmçinin qrafik dizayn təlimləri üzrə tədrisin təşkili planlaşdırılır.

Qeyd edək ki, incəsənət məktəbinin layihəsi üzrə Azərbaycan və Qazaxıstan nümayəndə heyətlərinin yer aldığı işçi qrupu yaradılmış, müvafiq görüşlər keçirilərək, qarşıdakı hədəflər müzakirə olunub.

Digər layihələr kimi bu layihə də Azərbaycan ilə Qazaxıstan arasındakı ikitərəfli əlaqələrin inkişaf etdirilməsinə, o cümlədən işğaldan azad edilmiş ərazilərdə incəsənət sahəsi üzrə təhsilin genişlənməsinə və yaxın bölgələrdən olan istedadlı gənclərin bir araya toplanmasına öz töfhəsini verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti