Bakı. Trend:
Polis Xətai rayonunda narkokuryerlik edən şəxslərə qarşı silsilə əməliyyatlar keçirib.
Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, Xətai Rayon Polis İdarəsinin (RPİ) Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən sonuncu əməliyyatlar zamanı İlkin Dadaşov, Natiq Yusifov, Ruslan İsmayılov, Vüqar Əliyev, Qaryağdı Ruşanov və Elşən Muradov saxlanılıblar.
Onlardan ümumilikdə 23 kiloqram heroin, tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana və metamfetamin aşkarlanaraq götürülüb.
"Saxlanılan şəxslər narkotikləri maddi qazanc əldə etmək məqsədilə ayrı-ayrı ünvanlara yerləşdirərək paytaxt ərazisində satışını təşkil etməyi planlaşdırıblar.
İdarə əməkdaşları tərəfindən həyata keçirilən digər əməliyyatlar zamanı Bakı şəhərində narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən daha 7 şəxs saxlanılaraq istintaqa təqdim edilib.
Faktlarla bağlı cinayət işləri başlanılıb.
Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri fasiləsiz olaraq davam etdirilir",- deyə məlumatda qeyd edilib.