Bakı. Trend:
AZCON Holding şirkətlərindən olan “Bakı Metropoliteni” QSC ilə “Metro İstanbul” arasında satınalma müqaviləsi imzalanıb.
Trend xəbər verir ki, müqavilə 2025–2030-cu illəri əhatə edən Dövlət Proqramı üzrə metropolitenin genişləndirilməsi layihələri üzrə mühəndislik sahəsində məsləhət və ekspertiza xidmətlərinin göstərilməsini nəzərdə tutur və dəyəri 586 500 AZN-dir.
Müqavilə çərçivəsində “Metro İstanbul” mühəndislik və texnoloji həllərin qiymətləndirilməsi, istismar modellərinin təhlili, ətraf mühit və sosial təsirlərin qiymətləndirilməsi, həmçinin beynəlxalq maliyyə təşkilatları üçün nəzərdə tutulan maliyyə və kommersiya şərtlərinin nəzərdən keçirilməsi üzrə məsləhət xidmətləri göstərəcək. Bu istiqamətlər üzrə qurum tərəfindən ətraflı rəy və tövsiyələr təqdim ediləcək.
Qeyd edək ki, beynəlxalq maliyyə institutlarının tələblərinə uyğun olaraq, layihə sənədlərinin istismar üzrə təcrübəli müstəqil ekspert tərəfindən qiymətləndirilməsi zəruridir. Dövlət Proqramı çərçivəsində genişləndirmə tədbirlərinin Asiya İnfrastruktur İnvestisiya Bankı (AIIB) və Asiya İnkişaf Bankı (ADB) tərəfindən maliyyələşdiriləcəyi nəzərə alınaraq, layihələrin beynəlxalq standartlara uyğun hazırlanması məqsədilə bu yanaşma xüsusi əhəmiyyət daşıyır.
Bakı Metropoliteni artıq bir neçə ildir ki, dünyanın modern texnologiyaları tətbiq edən metro sistemlərini araşdırır, qabaqcıl təcrübələri öyrənir və beynəlxalq tərəfdaşlarla əməkdaşlığı genişləndirir. Hal-hazırda Metro İstanbul ümumi uzunluğu 241 km olan 18 xətt üzrə 236 stansiya ilə fəaliyyət göstərir. Tətbiq etdiyi innovativ həllər, idarəetmə səmərəliliyi və sistemin miqyası bu qurumu dünyanın aparıcı metro operatorlarından birinə çevirir.
“Metro İstanbul” ilə əməkdaşlığın genişləndirilməsi Bakı metropoliteninin inkişaf strategiyasına uyğun olmaqla yanaşı, yeni metro xətlərinin və stansiyalarının layihələndirilməsi və həyata keçirilməsində yüksək mühəndislik keyfiyyətinin təmin olunmasına mühüm töhfə verəcək.
