Azərbaycan ali təhsilində ilk: UNEC-də APTIS əsaslı ingilis dili imtahanları keçirilir (FOTO)

Cəmiyyət Materials 9 İyun 2026 16:46 (UTC +04:00)
Azərbaycan ali təhsilində ilk: UNEC-də APTIS əsaslı ingilis dili imtahanları keçirilir (FOTO)

Bakı. Trend:

UNEC-də ingilis dili üzrə tələbələrin biliyinin yekun qiymətləndirilməsi ilk dəfə olaraq Britaniya Şurası (British Council) tərəfindən beynəlxalq səviyyədə tanınan APTIS sistemi əsasında təşkil olunub. Azərbaycan ali təhsil müəssisələri arasında ilk dəfə tətbiq edilən bu model tələbələrin xarici dil biliklərinin beynəlxalq standartlara uyğun qiymətləndirilməsinə və əldə olunan nəticələrin beynəlxalq səviyyədə tanınmasına imkan yaradır.

İmtahanın ilk günündə UNEC-in rektoru professor Ədalət Muradov, Britaniya Şurasının Azərbaycan ofisi üzrə direktoru Nərgiz Hacıyeva və media nümayəndələri imtahan prosesini izləyiblər, həmçinin tələbələrlə görüşərək onların təəssüratlarını öyrəniblər.

Media nümayəndələrinə açıqlama verən rektor Ədalət Muradov bildirib ki, UNEC-də xarici dil fənni iki il müddətində tədris olunur və tədris prosesi dinləmə, oxuma, yazma və danışıq bacarıqlarını əhatə edir: “Bu ildən etibarən ikinci kurs tələbələrinin xarici dil biliyinin yekun qiymətləndirilməsi Britaniya Şurası tərəfindən APTIS formatında həyata keçirilir. Minimum B1 səviyyəsində nəticə göstərən tələbələr imtahandan uğurla keçmiş hesab olunacaqlar və beynəlxalq səviyyədə tanınan APTIS sertifikatı əldə edəcəklər”, – deyə rektor vurğulayıb. Ədalət Muradov qeyd edib ki, bu yanaşma azərbaycan, rus və türk dillərində təhsil alan tələbələrin də ingilis dili səviyyələrinin yüksəldilməsinə xidmət edəcək.

Rektor Azərbaycan dilində təhsilin UNEC-in əsas məqsədlərindən biri olduğunu diqqətə çatdırıb:

“Hədəfimiz Azərbaycan dilində yüksək keyfiyyətli təhsil verən universitet modelini formalaşdırmaqdır. Qarşıdakı illərdə Azərbaycan dilində təhsilin keyfiyyətinin və cəlbediciliyinin artırılması prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirilib.”

Müəllimlərin xarici dil biliyinə toxunan Ədalət Muradov universitetdə bu istiqamətdə güclü potensialın formalaşdığını bildirib: “Əminliklə deyə bilərəm ki, ölkədə ən güclü ingilis dilli kafedralarından biri məhz UNEC-də fəaliyyət göstərir. 117 xarici dil müəllimimiz var və onların 95 faizi beynəlxalq xarici dil sertifikatına malikdir.”

Rektor qeyd edib ki, növbəti tədris ilindən etibarən tələbələrə ingilis dili fənni iki il ərzində eyni müəllim tərəfindən tədris olunacaq. Bu yanaşma tələbənin ingilis dilini mənimsəmə dinamikasını izləməklə yanaşı, müəllimin fəaliyyətinin də qiymətləndirilməsinə imkan yaradacaq.

UNEC məzunlarının rəqabətqabiliyyətliliyində xarici dil biliklərinin mühüm rol oynadığını vurğulayan rektor bildirib ki, əsas məqsədlərdən biri tələbələrin xarici universitetlərdə mübadilə proqramlarında iştirakını, nüfuzlu ali təhsil müəssisələrində magistratura təhsili almalarını təşviq etmək, eyni zamanda tanınmış xarici professorların universitetə cəlb olunmasını təmin etməkdir: “Hesab edirik ki, UNEC məzununun əsas üstünlüklərindən biri onun xarici dil səviyyəsinin orta göstəricidən yüksək olmasıdır.”

Britaniya Şurasının Azərbaycan üzrə direktoru Nərgiz Hacıyeva isə UNEC-də APTIS imtahanının keçirilməsini tərəflər arasında əməkdaşlığın uğurlu davamı və universitetin tələbələrin ingilis dili biliklərinin artırılmasına verdiyi önəm kimi dəyərləndirib. O bildirib ki, imtahanda 3500-dən çox tələbə iştirak edir. İmtahan nəticələri 72 saat ərzində elan olunacaq və iştirakçılar nəticələrini onlayn şəkildə əldə edə biləcəklər.

Xəbər lenti

Xəbər lenti