...

OSMAN GÜNDÜZ: BÜDCƏDƏ İNFORMASİYA XƏRCLƏRİ BÖLMƏSİNİN YARADILMASI TƏKLİFİNİ BVF-Ə TƏQDİM EDƏCƏYİK

Cəmiyyət Materials 13 İyul 2005 13:31 (UTC +04:00)

Dövlət orqanlarının informasiyalaşması ilə bağlı xərclərin büdcədə ayrıca bölmə kimi göstərilməsi təklifini gündəmə gətirən Multimedia İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzi bu məsələ ilə bağlı səylərini davam etdirəcək.

Mərkəzin direktoru Osman Gündüz bu barədə Trend ə məlumat verərkən bildirib ki, beynəlxalq qurumların nümayəndələri ilə görüşlər keçirəcək. Osman Gündüz qeyd edib ki, Azərbaycanda büdcə xərclərinin ümumi həcmində informasiya xərclərinin payı ayrıca göstərilmir.

Ona görə də o, dövlət tərəfindən informasiyalaşma üçün nəzərdə tutulan vəsaitlərin büdcəyə ayrıca "informasiya təminatı xərcləri" adlı funksional bölmə kimi daxil edilməsini vacib sayır. "Funksional bölmə yarımbölmələrə ayrılmalı, iqtisadi təsnifatlaşdırma aparılmalıdır.

Bu məsələlərlə bağlı müvafiq təkliflərimizi dövlət orqanlarına göndərmişik. İqtisadi İnkişaf Nazirliyi ilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi təklifimizə müsbət rəy verib. Lakin Maliyyə Nazirliyi bu təklifin reallaşmasını məqsədəuyğun saymayıb".

Osman Gündüzün sözlərinə görə, Maliyyə Nazirliyindən bildiriblər ki, mövcud büdcə təsnifatı beynəlxalq standartlara uyğunlaşdırılıb, benyəlxalq ekspertlərin müsbət rəyini alıb. Buna görə də büdcə təsnifatında dəyişiklik edilməsi məqsədəuyğun deyil. Osman Gündüz deyib ki, bu məsələ ilə bağlı Dünya Bankının yerli nümayəndələri ilə görüşərək, onların fikrini öyrənib: "Dünya Bankının nümayəndələri deyirlər ki, onlar mövcud təsnifata mübət rəy veriblər, lakin bu o demək deyil ki, yeni problemlər yarandıqda, heç bir dəyişiklik edilməyəcək. Beynəlxalq ekspertlər bildirdilər ki, bizim təklifimizi müzakirə etməyə hazırdırlar"-deyə Osman Gündüz qeyd edib.

O, həm də deyib ki, yaxın günlərdə Beynəlxalq Valyuta Fondunun nümayəndələri ilə də görüşəcək və büdcə təsnifatına dair öz təkliflərini onların diqqətinə çatdıracaq. Bundan sonra müvafiq nazirliklərin, dövlət strukturlarının, beynəlxalq ekspertlərin iştirakı ilə geniş konfrans keçirəcək. Konfransda informasiya xərclərinə dair büdcədə ayrıca funksional bölmə yaradılması təklifini müzakirəyə çıxaracaq. "Biz bu məsələ həllini tapana qədər səylərimizi davam etdirəcəyik"-deyə, Osman Gündüz vurğulayıb.

Xəbər lenti

Xəbər lenti